...

Bakıda "Təcriddən inteqrasiyaya doğru" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2011 15:28 (UTC +04:00)
Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və YUNİSEF-in birgə layihəsi çərçivəsində əlilliyi olan uşaqların inklüziyasını həyata keçirmək, bu sahədə aparılan islahatlara dəstək vermək məqsədilə çərşənbə axşamı "Buta" sarayında beynəlxalq konfrans keçirilib.
Bakıda "Təcriddən inteqrasiyaya doğru" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və YUNİSEF-in birgə layihəsi çərçivəsində əlilliyi olan uşaqların inklüziyasını həyata keçirmək, bu sahədə aparılan islahatlara dəstək vermək məqsədilə çərşənbə axşamı "Buta" sarayında beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, "Təcriddən inteqrasiyaya doğru" devizi ilə keçirilən konfransın əsas məqsədi cəmiyyətdə əlilliyə olan münasibətin dəyişməsi və hökumət siyasətində daha konstruktiv yanaşma yollarının araşdırılması olub.

Tədbirin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təbrik məktubu oxunub.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard tədbirdə bildirib ki, fiziki cəhətdən qüsurlu şəxslərin hüquqlarının təmin edilməsində həm Azərbaycan hökuməti, həm də Heydər Əliyev Fondu mühüm işlər görüb.

Onun sözlərinə görə, BMT-nin digər qurumları Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə Azərbaycanın bu sahədə gördüyü işləri təhlil edib. "Həmin təhlildən sonra formalaşan sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil edə bilər, çünki bu sahədə görüləsi işlər hələ çoxdur", - Herevard deyib.

O qeyd edib ki, YUNİSEF-in Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə apardığı işin əsas məqsədi heç bir uşağın diqqətdən kənarda qalmamağını təmin etməkdir.

Konfransda çıxışında təhsil naziri Misir Mərdanov bildirib ki, sağlamlıq imkanları məhdud insanların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılması Azərbaycanın təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

"Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində Təhsil Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar Dövlət Proqramı həyata keçirilib", - Mərdanov deyib.

Nazir qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrdə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür.

Mərdanov bildirib ki, Azərbaycanda əlilliyi olan övladlarına qayğı göstərə bilməyən ailələrin rifahının yaxşılaşdırılması məqsədilə yerlərdə uşaqlara və ailələrə dəstək xidmətləri yaradılıb.

Xəbər lenti

Xəbər lenti