...

Qənirə Paşayeva: Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilməlidir

Cəmiyyət Materials 30 Sentyabr 2011 13:54 (UTC +04:00)
Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi Milli Məclisdə müzakirəyə çıxarılmalıdır.
Qənirə Paşayeva: Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilməlidir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Trend-in məlumatına görə, bunu cümə günü parlamentin payız sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, tütündən istifadə etmək tək siqaret çəkənin deyil, onun ətrafında olanlarının da səhhətinə ziyan verir.

"Bəs, siqaret çəkməyənlərin günahı nədir?" - Paşayeva deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində bununla bağlı qanun var və bütün ölkələrdə bu qanunun effektiv olduğunu qeyd edirlər.

"Bakıda qarşıdan gələn "Eurovision" mahnı müsabiqəsi vaxtı minlərlə avropalı və digər yerlərdən gələn qonaqların hər yerdə siqaret çəkilməsinin şahidi olması xoş deyil", - millət vəkili deyib.

O, həmçinin ölkədə uşaqların siqaret almasına şərait olduğunu qeyd edərək bildirib ki, valideynlər buna nəzarət edə bilmirlər.

Paşayeva tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin məhz Milli Məclisin payız sessiyasında qəbul olunması təklifini irəli sürüb.

Millət vəkili Eldar İbrahimov iclasda bildirib ki, Azərbaycanda 2000-ci illərin əvvəlində tütündən istifadə ilə bağlı müvafiq qanun qəbul edilib və həmin qanunda müvafiq müddəa var.

"Bu səbəbdən təklif edərdim ki, İnzibati Xətalar Məcəllləsində dəyişiklik edilsin və ictimai yerlərdə siqaret çəkənlər 50-100 manat cərimə olunsun", - İbrahimov qeyd edib. Onun sözlərinə görə, bu praktika bir sıra ölkələrdə, o cümlədən Türkiyədə də var.

Xəbər lenti

Xəbər lenti