...

Azərbaycanda kitablara, disklərə və digər əqli mülkiyyət obyektlərinə nəzarət markaları vurulacaq

Cəmiyyət Materials 6 Oktyabr 2011 12:49 (UTC +04:00)
Azərbaycanda müəllif hüquqları sahəsində bütün əqli mülkiyyət obyektlərinə nəzarət markaları yapışdırılacaq. Bu barədə Trend-ə Azərbaycan Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.
Azərbaycanda kitablara, disklərə və digər əqli mülkiyyət obyektlərinə nəzarət markaları vurulacaq

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müəllif hüquqları sahəsində bütün əqli mülkiyyət obyektlərinə nəzarət markaları yapışdırılacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.

Onun sözlərinə görə, bu barədə müddəa yeni hazırlanan "Əqli mülkiyyət hüququnun təminatı və piratlıqla mübarizə haqqında" qanunda əks olunub.

Həsənli qeyd edib ki, xüsusi nömrəsi, kodu olan nəzarət markası əqli mülkiyyət obyektinin hər bir nüsxəsinə vurulacaq. O bildirib ki, nəzarət markasını saxtalaşdırmaq, qoparmaq, surətini çıxarıb digər nüsxəyə vurmaq mümkün olmayacaq.

"Misal üçün kitab və ya disk istehsal edən nəşriyyat və audioyazı studiyasına həmin məhsulun tirajı qədər nəzarət markası veriləcək. Qeyd olunan tirajdan əlavə istehsal olunacaq nüsxə pirat sayılacaq", - Həsənli bildirib.

Şöbə müdiri deyib ki, qanun qüvvəyə mindikdən sonra nəzarət markası olmayan kitabların, audio-video nüsxələrin satışı qadağan olunacaq və bu, piratçılıq kimi qiymətləndiriləcək.

"Məqsəd ondan ibarətdir ki, nüsxələrin qanunda və yaxud müqavilədə nəzərdə tutulandan artıq buraxılmasına imkan verilməsin, piratçılığın qarşısı alınsın. Bəzən bir kitabı digər nəşriyyatda olduğu kimi çap edirlər və orijinalı seçilmir", - Həsənli deyib.

"Əqli mülkiyyət hüququnun təminatı və piratlıqla mübarizə haqqında" qanun hökumətə təqdim olunub.

Qanun layihəsinin üçüncü fəsli tamamilə piratlıqla mübarizəyə aiddir. Orada ifaların, fonoqramların rəqəmsal kodlaşdırılması və əqli mülkiyyətin digər obyektləri ilə bağlı olan konkret normalar göstərilib. Qanun informasiya texnologiyalarından qanunsuz istifadənin də qarşısını alacaq.

Qanun normalarına uyğun olaraq, məhkəmə əqli mülkiyyət hüquqlarının pozulması ilə gətirilən kontrafakt malların və pirat nüsxələrin ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması, hüquq sahibinə dəyən ziyanın kompensasiyası üçün əqli mülkiyyət hüquqlarını qəsdən və ya bilmədən pozan şəxslərin müvafiq məbləği ödəməsi barədə qərar çıxara bilər.
Bununla yanaşı, məhkəmə qanun pozucusunun kompensasiya ödəmədən, kontrafakt məhsulu ticarət şəbəkəsindən çıxara, həmçinin, qanunsuz malların istehsalında istifadə olunan avadanlıq və materialları müsadirə edə bilər.

Xəbər lenti

Xəbər lenti