...

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunub

Cəmiyyət Materials 14 Oktyabr 2011 17:10 (UTC +04:00)
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cümə günü "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" adlı tədbir keçirilib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cümə günü "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" adlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini, Komitənin sədri Əli Həsənov, Milli Məclisin üzvləri Bəxtiyar Əliyev, Flora Qasımova və İmamverdi İsmayılov, işğal altında olan rayonların icra başçıları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Həsənov Azərbaycanın müstəqillik tarixini iki onilliyə bölərək təhlil edib. O qeyd edib ki, müstəqilliyin bünövrəsi birinci onillikdə qoyulub və ikinci onillikdə müstəqillik daha da inkişaf etdirilib.

Həsənov qeyd edib ki, müstəqilliyin bərpa olunması çox böyük tarixi hadisədir. Lakin müstəqillik bərpa olunduqdan sonra Azərbaycan dövlətçiliyi təhlükə altında qalmışdı. Azərbaycan torpaqlarının işğal altına düşməsi və ölkəni idarə edənlərin bu işin öhdəsindən gələ bilməməsi ölkənin müstəqilliyini şübhə altına alırdı. Həmin dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən qayıtdı və dövlətçiliyimizə qarşı yaranmış təhdidlər aradan qalxdı. Həsənov bildirib ki, daxili sabitliyin bərpa olunmasından sonra ölkədə uğurlu inkşaf başladı.

Onun sözlərinə görə, Heydər Əliyevin ənənəsini qoyduğu inkişaf bu gün uğurla davam etdirilir. Həsənov bu inkişafda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirib.

Həsənov Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 67 qəsəbənin tikildiyini və bu qəsəbələrə 110 minə yaxın əhalinin köçürüldüyünü qeyd edib.

Millət vəkili Bəxtiyar Əliyev öz çıxışında müstəqillik illərində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan söz açıb. Müstəqilliyin ilk illərində Azərbaycanın dövlət büdcəsinin 300 milyon olduğunu xatırladan Əliyev bu rəqəmin indiki dövrdə dəfələrlə artdığını deyib.

Daha sonra çıxış edən şəxslər müstəqillik illərində qaçqın və məcburi köçkünlər üçün ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərəncamları ilə çoxlu sayda yaşayış binalarının tikildiyini xatırladıblar.

Xəbər lenti

Xəbər lenti