...

Təhsil Nazirliyinə edilən şikayətlərin çoxu orta məktəblərlə bağlı olub

Cəmiyyət Materials 17 Oktyabr 2011 17:59 (UTC +04:00)
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin sentyabrında 3956 müraciət daxil olub.
Təhsil Nazirliyinə edilən şikayətlərin çoxu orta məktəblərlə bağlı olub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin sentyabrında 3956 müraciət daxil olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, müraciətlərin əksəriyyəti sorğu xarakterlidir.

Sorğuların çoxu ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, I sinfə vaxtından əvvəl qəbul, dərs bölgüsü, şagirdlərin dərsliklərlə təminatı, məktəbli forması, yaş senzinin tətbiqi ilə bağlı müəllimləri narahat edən çoxsaylı məsələlərlə əlaqədar olub. Digər sorğular ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, tələbələrin bir məktəbdən başqa məktəbə və bir ixtisasdan başqa ixtisasa köçürülməsi, xaric olunmuş tələbələrin bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistratura pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması ilə bağlıdır.

Sorğuların kəmiyyət tərkibinin təhlili göstərir ki, müəllimlərin müsabiqə yolu ilə işə qəbulu (905 sorğu), ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi (626 sorğu), ali və orta ixtisas təhsili (468 sorğu), vaxtından əvvəl I sinfə qəbul (317 sorğu), yaş senzinin tətbiqi (214 sorğu), məktəbəqədər təhsil müəssisələrinə qəbul (208 sorğu), məktəbli formasının tətbiqi (205 sorğu), tələbə qəbulu (198 sorğu), təhsil sənədlərinin tanınması (146 sorğu) ilə əlaqədar müraciətlər çoxluq təşkil edir.

Digər sorğular beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, dövlət proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları (122 sorğu), lisenziya fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (90 sorğu) ilə əlaqədardır.

Sentyabrda daxil olmuş şikayət məzmunlu müraciətlərin çoxu yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumi təhsil məktəblərindən 23, digər şəhər ümumi təhsil məktəblərindən 3 (Gəncə 2, Sumqayıt və Naftalan şəhərlərinin hər birindən 1), Abşeron, Zərdab, Gədəbəy, Tovuz, Füzuli, Yardımlı, Laçın, Göyçay və Bərdə rayonlarının hər birindən 1, Şəkidən isə 4 eyni məzmunlu şikayət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas məzmununu məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir neçə məktəbdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqqılarından tutulmalar və digər məsələlər təşkil edir.

Araşdırma zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi şagirdin qiymətləndirilməsində səhv etdiyi üçün ona töhmət verilib. Şikayət daxil olan digər təhsil müəssisələrinə müraciətlərdə göstərilən nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Ötən ay məktəbəqədər təhsil müəssisələrindən 11 şikayət qəbul edilib. Bu müraciətlər araşdırılıb və əksəriyyəti həllini tapıb. Texniki peşə təhsili müəssisələri ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 3 şikayət daxil olub.

Xəbər lenti

Xəbər lenti