...

Taleyin ümidinə buraxılan gələcək (II HİSSƏ)

Cəmiyyət Materials 21 Oktyabr 2011 14:44 (UTC +04:00)
Yeniyetmələrin, uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə alimlər və hüquqşünaslar arasında fərqli yanaşmalar var.
Taleyin ümidinə buraxılan gələcək (II HİSSƏ)

Könül Zərbalıyeva

Yeniyetmələrin, uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə alimlər və hüquqşünaslar arasında fərqli yanaşmalar var. Bir qismi hesab edir ki, qanunun qüvvəsi cinayət törətmiş uşaqlara qarşı yönələrsə, bu, müsbət nəticə verər. Bir qismi isə düşünür ki, əksinə, bu, yeniyetmələri cinayətə daha da sövq edə bilər, onların bir şəxsiyyət kimi formalaşmasına, psixologiyasına mənfi təsir edə bilər.

Hüquq pozuntusuna yol verən uşaqlarla rəftar necə olmalıdır?

Uşaqların kiçik yaşlardan ağır cəzalara məruz qalması onların sonrakı həyatına təsirsiz ötüşmür. Məhz bu təsirlərin aradan qaldırılması üçün ötən əsrdən uşaqların işinə baxan ixtisaslaşmış hüquq sisteminin formalaşdırılmasına başlanıb.

Ekspertlərin əksəriyyəti hesab edir ki, cinayət işləmiş uşaqlarla davranış böyüklərdən fərqli olmalıdır. Uşaqlara verilən cəzalar daha yumşaq, daha liberal olmalıdır. Azərbaycanda isə bu məsələdə uşaqlarla böyüklər arasında elə də ciddi bir fərq yoxdur...

Uşaq hüquqlarının müdafiəsini həyata keçirən qeyri-hökumət təşkilatları Azərbaycanda yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsi sisteminin uşaqların müdafiəsini və onların hüquqlarının qorunmasını təmin etmək üçün ciddi şəkildə təkminləşdirilməsini vacib sayır. Onlar hesab edir ki, uşaqların rifahının yaxşılaşdırılmasına yardım və törədilən cinayətlərə görə verilən cəzalar arasında mütənasiblik təmin edilmir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də hesab edir ki, yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz. Onun sözlərinə görə, Azərbaycanda uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində milli xüsusiyyətlər də nəzərə alınmalıdır.

"Gələcəkdə yuvenal ədliyyə ilə bağlı qanun qəbul ediləndə bu məsələyə çox ehtiyatla yanaşılmalıdır. Uşaqlar arasında cinayətkarlığın vəziyyəti, statistika öyrənilməlidir", - Abdullayev deyib.

Ombudsman Elmira Süleymanova cinayət törədən uşaqların cəzalandırılması məsələsinə toxunarkən bildirib ki, uşaqlara mümkün qədər liberal cəzalar verilməlidir.

"Yalnız başqa çıxış yolu olmadığı halda, həbs verilə bilər. Oğurluğa görə nə qədər uşaq tutulub, azadlıqdan məhrum edilib. Məhkəmələr buna diqqət yetirməli, mümkün qədər liberal cəzalar verməlidirlər", - o bildirib.

YUNİSEF uşaqların cəmiyyətdən təcrid olunmadan cəmiyyətə yenidən inteqrasiyasının tərəfdarıdır

YUNİSEF-in MDB və Şərqi Avropa ölkələri üzrə regional ofisinin uşaqların müdafiəsi üzrə məsləhətçisi Ann Grandjan deyir ki, bu regionda hələ də uşaqların azadlıqdan məhrum edilməsi halları kifayət qədər çoxdur. Əksər hallarda uşaqlar az əhəmiyyətli hüquq pozuntusu və cinayətlər törədirlər. Bu uşaların əksəriyyəti isə ailədə müəyyən sosial problemlərlə rastlaşanlardır.

"Biz düşünürük ki, regionun bir çox ölkələrində mövcud ədliyyə sistemi daha çox cəzalandırma metodundan istifadə edir və sosial problemlərin cəzalandırma yolu ilə həllinə çalışırlar. Əksər hallarda bu uşaqlar törətdikləri cinayətə görə cəmiyyət üçün təhlükəli deyillər. Onların azadlıqdan məhrum edilməsinə də ehtiyac yoxdur. Həm də onlar uzun müddətə azadlıqdan məhrum edilirlər. Cəza çəkən dövrdə ailələrindən, yaşadıqları mühitdən kənarlaşdırılır, təhsildən geri qalırlar və hətta bu müəssisələrdə zorakılığa məruz qala bilirlər. Bu müəssisələri tərk etdikdən sonra onlar öz ailələrinə qayıtdıqda həmin sosial problemlərin həll olunmadığını gördükdə, cəzaçəkmə həyatı sürmüş şəxslər kimi özlərini ikiqat təcrid olunmuş hesab edirlər", - o deyir.

YUNİSEF-in eksperti təmsil etdiyi təşkilatın uşaqların cəmiyyətdən təcrid olunmadan cəmiyyətə yenidən inteqrasiyasının tərəfdarıdır.

"Bu o demək deyil ki, biz hər hansı hüquq pozuntusuna reaksiya verməməliyik. Burada əsas məqsəd odur ki, uşaq törətdiyi cinayəti dərk etsin, onun məsuliyyətini anlasın, zərərçəkmişlərin vəziyyətini başa düşsün. Məqsəd uşağın bu hadisədən ibrət götürməsi, onu bu situasiyadan çıxarmaq, onun cəmiyyətə sağlam qaytarılmasını təmin etməkdir. Bu baxımdan bir çox təcrübələr - vasitəçilik, ictimai iş, zərər çəkmişlə cinayəti törətmiş uşaq arasında razılaşmanın əldə edilməsi və s. müsbət qiymətləndirilə bilər", - uşaqların müdafiəsi üzrə məsləhətçi bildirir.

Onun sözlərinə görə, əksər ölkələrdə tətbiq olunan bu təcrübə dövlətə daha ucuz başa gəlir, nəinki uşağın cəzaçəkmə müəssisəsinə göndərilməsi.

"Bu təcrübə ictimai təhlükəsizlik baxımından daha səmərəli metoddur və artıq təsdiq olunub ki, bu kimi alternativ cəzalara cəlb olunan uşaqlar arasında təkrar cinayət törətmə halları aşağıdır", - o deyib.

Ekspert hesab edir ki, təmsil etdiyi regionda sosial xidmətlərin çox az sayda, yaxud da çox zəif olması səbəbindən bu kimi sosial məsələlər ədliyyə sisteminə gəlir, polis və digər hüquq-mühafizə orqanları onlara müdaxilə etmiş olur.

Uşaqların işinə baxan ixtisaslaşdırılmış məhkəmələr, prokurorlar və vəkillər yoxdur

BMT-nin Uşaq hüquqları Konvensiyasının 37-ci maddəsində qeyd olunur ki, heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin. Uşağın tutulması, həbs olunması və ya azadlıqdan məhrum edilməsi qanuna uyğun olaraq həyata keçirilir və bunlardan son tədbir kimi və mümkün olan daha qısa müddət ərzində və müvafiq qaydada istifadə edilir.

BMT-nin Uşaq Hüquqları Komitəsi hökumətə tövsiyə edib ki, cinayət törədən uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və onların cəmiyyətə adaptasiyası məqsədilə yuvenal ədliyyə ilə bağlı qanun qəbul edilməlidir və ixtisaslaşdırılmış məhkəmələr, polis, vəkil və prokurorluq orqanları yaradılmalıdır. Lakin indiyədək Azərbaycanda belə bir sistem yaradılmayıb.

Yuvenal ədliyyənin yaradılmasının tərəfdarı olan ekspertlər bu fikirdədir ki, ağır cinayətlərin istintaqını aparan, mühakiməsini həyata keçirən və bu cinayətləri törədən şəxsləri müdafiə edən prokuror, hakim və vəkillər uşaqlarla bağlı ədalətli mövqe nümayiş etdirməkdə çətinlik çəkirlər. Onların fikrincə, bu uşaqlara qeyri-peşəkar yanaşma sonda onların yenidən daha ağır cinayətlər törətməsinə səbəb olur.

YUNİSEF-in Azərbaycan nümayəndəliyinin uşaqların müdafiə proqramının rəhbəri Munir Məmmədzadə deyir ki, bu sahədə əsas problemlərdən biri uşaqların işinə baxan ixtisaslaşdırılmış məhkəmələrin, prokurorların, vəkillərin olmamasıdır.

"İxtisaslaşma yalnız polis sistemindədir. Orada da yalnız profilaktika yönümlüdür. İstintaqda olan müstəntiqlər isə ixtisaslaşmayıblar. Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanların işlərinə məhkəmələrdə ən təcrübəli hakimlər baxmalıdır. Lakin qanunvericilikdə təcrübəli hakimin kriteriyaları müəyyənləşdirilməyib. Hakimlər, prokurorlar cinayətin xarakterinə baxır. Cinayəti törədənin yetkinlik yaşına çatmayan və ya böyük olmasına diqqət yetirilmir. Cinayətin törədilmə səbəblərinə, motivinə baxılmır. Hansı ki, böyüklə uşağın cinayət törətmə səbəbləri fərqlidir. Uşaqlarla bağlı işlərdə psixoloqların, sosial işçilərin iştirakı təmin olunmalıdır. Vəkillərin də ixtisaslaşması yoxdur. Yetkinlik yaşına çatmayan şəxs üçün dövlət vəkil ayırır və vəkilə ayrılan əməkhaqqı çox cüzi olduğundan vəkil müdafiəni keyfiyyətli həyata keçirmir. Çox zaman müşahidə edirik ki, proseslərdə uşaqlar öz vəkillərini tanımır", - o deyib.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının Azərbaycanda Yuvenal Ədliyyənin icrasına dair monitorinq hesabatında qeyd olunur ki, prokurorlar, vəkillər və hakimlər yetkinlik yaşına çatmayanların işlərinin araşdırılmasına çox az maraq göstərir, prokurorlar və vəkillər məhkəməyə vaxtında çıxmır.
Dövlət büdcəsi hesabına təyin olunmuş vəkillər yetkinlik yaşına çatmayanları öz iradəsi əleyhinə müdafiə edirlər. Eləcə də yetkinlik yaşına çatmayanlar bildirirlər ki, dövlət tərəfindən təyin olunmuş vəkillər sadəcə ərizələri gözdən keçirir və onların müdafiəsini lazımi səviyyədə təşkil etmirlər. Hakimlər tərəflərə az məlumat verərək və ya heç bir xəbərdarlıq etmədən məhkəmə dinləmələrini dayandırır, təxirə salır və ya davam etdirir.

Məlumata görə, YUNİSEF-in dəstəyi ilə "Yuvenal ədliyyə haqqında" qanun layihəsi hazırlanıb və layihənin yaxın gələcəkdə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

Uşaqlara alternativ cəzalar verilməlidir

DİN-in şöbə rəisi Kamal İmamverdiyev deyir ki, son illər cinayət törədən uşaqlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar verilir.

Onun sözlərinə görə, əvvəllər il ərzində 300-500 azyaşlı cinayət məsuliyyətinə cəlb olunurdu və onların 15-20 faizi azadlıqdan məhrum edilirdisə, son illər bu göstərici də aşağı düşüb. Cinayət törədən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə ilə bərabər alternativ cəzalar, cərimə, ictimai işlər, islah işləri təyin edilir.

YUNİSEF-in nümayəndəsi Məmmədzadə hesab edir ki, ölkədə geniş miqyasda alternativ tədbirlər üçün imkanlar yoxdur.

"Böyüklər tərəfindən törədilən cinayətləri araşdıran, həmin işlərə baxan hakim o prosesdən sonra uşağın məhkəmə işinə baxırsa, bir çox səbəblərdən uşaq haqqında ədalətli qərar çıxara bilməz. Bundan əlavə, bəzən hakimləri günahlandırsaq da, çox zaman hakimin cinayət törətmiş uşağı yönləndirməsi üçün imkan və şərait yoxdur. Bəzi alternativ cəzalar var ki, onların icrası mümkün deyil. Uşaqların ictimai işlərə cəlb edilməsi və yaxud da valideyn nəzarətinə verilməsi prosesini həyata keçirmək üçün resurslar yoxdur. Buna görə də ölkədə müəyyən mərkəzlərin, xidmətlərin sayının artırılması vacibdir. Statistika göstərir ki, tərbiyə müəssisəsində olan uşaqların sayı azalıb. Lakin bu hal onlar tərəfindən törədilən cinayətlərin sayının azalması anlamını verməməlidir. Problemi məhkum olunan uşaqların sayının süni şəkildə azalması ilə həll etmək düzgün deyil. Daha çox keyfiyyətə yönələn tədbirlər görülməlidir. Söhbət ondan gedir ki, bizim bu məsələləri ünvanlayacaq mütəxəssislərimiz yoxdur, çox vaxt uşaqların törətdiyi pozuntulara göz yumuruq, vaxtında müdaxilə etmirik, onları müəyyən xidmətlərə yönəltmirik. İxtisaslaşmaya, yeni xidmətlərə, bu problemə yanaşmanın dəyişməsinə ehtiyac var", - o vurğulayıb.

Ekspert Nazir Quliyev ağır cinayət törətmiş uşaqlarla ehtiyatsızlıqdan yüngül cinayət törətmiş uşaqların bir yerdə saxlanılmasını düzgün hesab etmir. Onun sözlərinə görə, yuvenal ədliyyənin inkişaf etdiyi ABŞ, Yeni Zellandiya, Avstraliya, Almaniya, İtaliya və başqa ölkələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, uşaqların ağır cəzalarla cəzalandırılması yaxşı nəticələnmir. Belə ki, cəzalarını bitirib uşaq müəssisələrini tərk edən uşaqlar təkrar daha ağır cinayətlər törədirlər.

Ekspertlər cinayətə meyilli uşaqlar üçün adaptasiya mərkəzlərinin yaradılmasını çıxış yolu hesab edirlər.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının əlaqələndiricisi Nabil Seyidov bildirib ki, 2007-ci ildə DİN, YUNİSEF, ATƏT-in Bakı ofisi və QHT Alyansı arasında imzalanan memorandumdan sonra cinayət törədən uşaqlarla işin təşkili məqsədilə Uşaq Hüquqları Klinikası və Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi yaradılıb.

O deyir ki, bu mərkəzlər uşaqlarla bağlı istintaq və məhkəmə işlərində yaxından iştirak edir, bu işlərin obyektiv araşdırılması, uşaqlara alternativ cəzaların verilməsi məqsədilə istintaq və məhkəmə orqanları ilə əməkdaşlıq edirlər.

"Biz təkcə uşağın özü ilə deyil, ailəsi ilə də iş aparırıq. Uşağı hüquq pozuntusuna aparan səbəblər araşdırılır. Hər bir uşaqla bağlı fərdi inkişaf proqramının hazırlanmasında hüquqşünas, psixoloq, sosial işçi və pedaqoq iştirak edir. Uşaqların asudə vaxtlarını səmərəli təşkil etməklə, yenidən hüquq pozuntusuna yol verməsinin qarşısı alınır", - Seyidov qeyd edib.

Onun sözlərinə görə, 2007-ci ildən indiyədək mərkəzə müxtəlif cinayət törətmiş 150-yə yaxın uşaq cəlb olunub və onlardan yalnız 3-ü təkrar cinayət törədib.

O bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, son beş ildə həbsdən çıxan 62 uşağın 44 faizi yenidən cinayət törədib.

"Bu da onu göstərir ki, cinayət törədən uşaqlara heç də ağır cəzalar verilməsi problemin həlli demək deyil. Cinayət törətmiş uşaqlara psixoloq yardımı olmadan birbaşa həbsxanaya göndərmək onları məhv etmək deməkdir. Uşaqlara alternativ cəzalar verilməklə onları cəmiyyət üçün daha yararlı insana çevirmək olar", - Seyidov deyir.

Məktəb psixoloqlarının fəaliyyəti gücləndirilməlidir

YUNİSEF-in rəsmisi Məmmədzadə uşaqlarla bağlı məsələdə psixoloqların iştirakını vacib sayır. Onun fikrincə, icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalarda psixoloqların, sosial işçilərin sayı artmalıdır.

"İcmalarda müəyyən xidmətlər olmalıdır. Hər bir kənddə bu xidmətlər əlçatan olmalıdır. Bu psixoloqların rolu yeniyetmələrdəki enerjinin düzgün istiqamətlənməsində çox vacibdir.

Bundan əlavə, valideynlərin də rolu çox vacibdir. Atalar oğlan uşaqlarının tərbiyəsində iştirak etmir, bunu lüzumsuz hesab edirlər. Uşağın ailənin tamhüquqlu üzvü kimi, söz sahibi kimi qəbul olunması vacibdir. Biz böyüklər, valideynlər uşağın fikrini öyrənmirik, ailə məsələləri ilə bağlı onun iştirakını təmin etmirik. Bununla da uşaq çöldə hər hansı bir qruplara qoşula bilər, hüquq pozuntusu törədə bilər. Məktəblə ailənin əlaqəli işləməsi və uşağın bu prosesə cəlb olunması çox vacibdir", - o deyir.

Qəyyumluq-himayəçilik orqanlarının fəaliyyətinə toxunan müsahibim hesab edir ki, bu qurumların kifayət qədər potensialı yoxdur.

"Bu qurumlarda kadrların sayının artırılması, sosial işçilərin cəlb olunması, səlahiyyətlərinin artırılması, onlara lazımi maliyyə resurslarının ayrılması lazımdır. Bəlkə də gələcəkdə onların bələdiyyələr səviyyəsində təmsil olunması lazımdır. Bu komissiyalar, tutaq ki, hansısa problemlə bağlı çıxış yolu təklif etdilər. Amma yerlərdə o problemi həll edəcək xidmətlər yoxdur. Bu kompleks məsələdir. Qanunvericilik bazasının hazırlanması, standartların müəyyən edilməsi, işçi potensialının və xüsusi peşə bacarığı olan şəxslərin hazırlanması və yerlərdə müəyyən xidmətlərin olması lazımdır. Qeyd olunan məsələlərlə bağlı YUNİSEF dövlətlə işləyir, müəyyən təkliflər nəzərdən keçirilir", - Məmmədzadə bildirir.

Material UNİCEF və Trend İnformasiya Agentliyi birgə layihəsi əsasında hazırlanıb

Xəbər lenti

Xəbər lenti