...

Azərbaycanın millət vəkili Bolqarıstanda bir sıra görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2011 16:29 (UTC +04:00)
Azərbaycanın millət vəkili Bolqarıstanda bir sıra görüşlər keçirib.
Azərbaycanın millət vəkili Bolqarıstanda bir sıra görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir T.Hacıyev/

AŞPA-nın Bolqarıstanda keçirilən prezident və bələdiyyə seşkilərini müşahidə missiyasının üzvü kimi bu ölkədə səfərdə olan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Bolqarıstanın Avropa Parlamentindəki nümayəndə heyətinin türk əsilli millət vəkilləri Filiz Hüsmenova və Mətin Kazakla, eyni zamanda, bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin türk əsilli millət vəkili Ünal Lütvi ilə görüşüb.

Trend-in məlumatına görə, görüşlər zamanı Bolqarıstanda yaşayan türklərin vəziyyəti, onları narahat edən problemlər ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkili bildirib ki, Azərbaycan dünyanın hər yerində, o cümlədən Bolqarıstanda yaşayan türklərlə əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Görüşlər zamanı millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi Yerevan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.

Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırmaq üçün səylərini daha da artırmalıdırlar. O, hər üç millət vəkilinə Azərbaycanla bağlı məsələlərə daima həssaslıqla yanaşmalarına və dəstəklərinə görə təşəkkür edib. Qənirə Paşayeva onları Azərbaycana dəvət edib.

"Bizi maraqlandıran və narahat edən məsələlərlə bağlı daima bir-birimizə dəstək göstərməli, biri-birimizin yanında olmalıyıq", - deyən millət vəkili Azərbaycan türklərinin də hər zaman Bolqarıstanda yaşayan türklərin yanında olduğunu deyib. O, millət vəkillərinə Azərbaycanın inkişafı ilə də bağlı məlumatlar verib.

Azərbaycanı sevdiklərini bildirən Ünal Lütvü, Filiz Hüsmenova və Mətin Kazak həm ölkələri, həm də Azərbaycan türkləri ilə Bolqarıstan türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar və bu istiqamətdə səylərini bundan sonra daha da artıracaqlarını deyiblər. Millət vəkilləri Azərbaycana gəlməkdən hər zaman böyük məmnunluq duyduqlarını da bildiriblər. Qeyd edək ki, Ünal Lütvü və Filiz Hüsmenova eyni zamanda Bolqarıstanın böyük partiyalarından olan Hak və Özgürlüklər Hərəkatının Mərkəz Yönətim Qurumunun üzvləridir.

Xəbər lenti

Xəbər lenti