Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumuunda iştirak etmək üçün Azərbaycana gələn Qırğızıstan-Türkiyə Manas Universitetinin dosenti Moldoseit Mambetakunov, həmin universitetdə çalışan, tarix elmləri doktoru Yunus Emre Gürbüz və Qırğızıstanın "Almaz FM" radio kanalının direktoru Rustamjan Koşmuratov "İki sahil" qəzetində olublar.
Görüşdə qəzetin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda medianın inkişafından, bu sahədə görülən işlərdən ətraflı söz açıb. Bildirib ki, bu gün ölkədə mətbuat və söz azadlığı yüksək səviyyədə təmin olunub. "İnsanlar sərbəst şəkildə öz fikirlərini ifadə edə bilirlər. Dövlət ölkədə mətbuatın inkişafı üçün lazımi diqqət və qayğı göstərir. Eyni zamanda, Azərbaycan mediasının beynəlxalq əlaqələri də gündən-günə genişlənir. Təbii ki, Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun məhz Bakıda keçirilməsini də buna misal göstərmək olar", - o deyib.
Rəhimzadə, həmçinin türkdilli ölkələrin birliyindən də söz açıb və bu amilin vacibliyini vurğulayıb. "Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Sözsüz ki, bu, türkdilli ölkələrin birliyi baxımından da olduqca əhəmiyyətli və uğurlu haldır. Çünki bu cür uğurlar, ümumilikdə türkdilli ölkələrin nüfuzunun artması hər birimizin sevinci olmalıdır. Bizim gücümüz, nüfuzumuz nə qədər artarsa, birliyimiz də o qədər möhkəm olar", - baş redaktor bildirib.
Qonaqlar respublikada, xüsusilə də Bakıda böyük inkişafın, modernləşmənin şahidi olduqlarını vurğulayıblar. Orta Asiya təmsilçiləri Bakını Avropa şəhərləri ilə müqayisə edərək, burada insanların xoş, firavan şəraitdə yaşadıqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.