Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu ilin 9 ayında Bakıda qeydə alınan yol qəzalarının 51 faizi təyin olunmayan yerlərdən keçən piyadaların vurulması ilə bağlı olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, ilkin məlumata görə, yanvar-noyabr aylarında paytaxtda 1096 yol qəzası qeydə alınıb. 277 nəfər həlak olub, 1212 nəfər xəsarət alıb.
Qəzaların 51 faizi təyin olunmayan yerlərdən keçən piyadaların vurulması, 49 faizi isə avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
İl ərzində piyadaların vurulmasına qarşı mübarizə məqsədilə keçirilən tədbirlərdə 1563 piyada inzibati qaydada cəzalandırılıb. Avtomobillərin yüksək sürətlə idarə olunmasına qarşı keçirilən tədbirlər zamanı isə 4623 sürücü inzibati məsuliyyətə cəlb olunub.
İl ərzində yol polisi tərəfindən 289 325 nəfər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
Onlardan 37 265-i yol ayrıcını keçmə qaydalarının, 2280-i ötmə, manevr qaydalarının pozulması səbəbindən cəzalandırılıb.
Tədbirlər zamanı 3565 sərxoş sürücü, 282 avtoxuliqan, 4985 nəfər avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən, 413 nəfər dövlət nömrə nişanı olmadan idarə edən sürücü müəyyən edilib və məsuliyyətə cəlb olunub.
İşıqforun qırmızı işığında keçən 11384, görünüşü məhdudlaşdıran pərdə, plyonkalı avtomobil idarə dən 8972 sürücü cəzalandırılıb. Sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 2033 fakt qeydə alınıb.
Əsədov bildirib ki, avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verən qəzalar daha çox Aeroport şosesi, Heydər Əliyev, Babək və Nobel prospektlərində qeydə alınıb.