...

Azərbaycanda lisenziyasız hotellərin turist qəbul etməməsi təklif edilir

Cəmiyyət Materials 4 Noyabr 2011 17:21 (UTC +04:00)
Azərbaycanda lisenziyasız fəaliyyət göstərən hotellər turistlərin qəbulu xidməti ilə məşğul ola bilməz.
Azərbaycanda lisenziyasız hotellərin turist qəbul etməməsi təklif edilir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda lisenziyasız fəaliyyət göstərən hotellər turistlərin qəbulu xidməti ilə məşğul ola bilməz. Bunu cümə günü Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, lisenziyasız fəaliyyət göstərən hotellər bu xidmətlə məşğul olduqda turistlərin təhlükəsizliyi təmin edilmir.

Ağakərimov deyib ki, hotel lisenziyasız fəaliyyət göstərirsə, demək, yanğından mühafizə, texniki təhlükəsizlik qaydalarına lazımi səviyyədə əməl etmir. Bu isə orada yerləşən turistin həyatı üçün təhlükə yaradır.

Ağakərimovun sözlərinə görə, dövlət Azərbaycana gələn qonaqlara yüksək səviyyədə xidmət göstərməyə çalışır. Amma lisenziyasız hotel turistləri qəbul edib onlara lazım səviyyədə xidmət göstərə, eyni zamanda, onların təhlükəsizliyini də təmin edə bilmir.

"Ona görə də tövsiyə edərdim ki, hotellər lisenziya almaq məsələsinə fikir versinlər. Yaxın gələcəkdə lisenziya alsınlar. Bu məsələdə dövlət də öz köməyini əsirgəmir. Amma hotellər də dövlət tərəfindən hansısa bir tədbirin keçirilməsini gözləməməlidirlər. "Azərbaycan Respublikasında 2010-2014-cü illər üçün turizmin inkişafı üzrə" Dövlət Proqramının qəbulu, 2011-ci ilin "Turizm ili" elan edilməsi, 2012-ci ildə "Eurovison" mahnı müsabiqəsi və s. beynəlxalq tədbirlərlə əlaqədar bütün turizm şirkətləri və hotellər öz güclərini səfərbər etməli və nəyə qadir olduqlarını göstərməlidirlər", - Ağakərimov əlavə edib.

Hazırda Azərbaycanda 500-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt var. Həmin obyektlərin 150-dən çoxu lisenziyasız fəaliyyət göstərir.

Mədəniyyət və Turizm Nazirliyi artıq ölkə ərazisində qanunsuz fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərə qarşı ciddi tədbirlər görmək üçün işlər aparmağa başlayıb.

Nazirlikdən bir müddət əvvəl Trend-ə verilən məlumata görə, ölkədəki lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlərin çoxu şimal bölgəsində fəaliyyət göstərir.

Məlumatda bildirilmişdi ki, ölkədəki mehmanxana və mehmanxana tipli obyektlər lisenziya almaq istəsə də, onların hamısı buna nail ola bilmir. Əsas səbəb isə həmin obyektlərin sənədlərindəki çatışmazlıqdır.

Xəbər lenti

Xəbər lenti