...

Bu il təhsil müəssisələrinə 2500-dən çox kompüter veriləcək

Cəmiyyət Materials 10 Noyabr 2011 14:50 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu il təhsil müəssisələrinə 500 noutbuk, 500 proyektor, 2000-dən artıq stolüstü kompüterin verilməsini planlaşdırıb.
Bu il təhsil müəssisələrinə 2500-dən çox kompüter veriləcək

Azərbaycan, Bakı, 10 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu il təhsil müəssisələrinə 500 noutbuk, 500 proyektor, 2000-dən artıq stolüstü kompüterin verilməsini planlaşdırıb. Bu barədə çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Elina Rzayeva məlumat verib.

Onun sözlərinə görə, şagirdlərin təmənnasız olaraq netbuklarla təmin olunması Təhsil Nazirliyi və İntel korporasiyasınin birgə təşəbbüsü olan "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində həyata keçirilir. Artıq 2000 şagirdə tədrisdə istifadəsi nəzərdə tutulmuş və zəruri elektron resurslarla yüklənmiş netbuklar verilib.

Rzayeva bildirib ki, dövlət büdcəsinin imkanları məhdud oldugundan tələbələr üçün "Xalq kompüteri" layihəsi çərçivəsində yalnız güzəştli şərtlərlə kompüterlərin əldə edilməsi üçün şərait yaradılıb.

"Eyni zamanda, ali təhsil müəssisələri özləri də kompüter alıb, Bakı Kompüter Kolleci isə yeni avadanlıqlarla təchiz edilib. Artıq bu layihə çərçivəsində yüzlərlə gənc netbuklar və noutbuklar əldə edib. Hesab edirəm ki, gənc nəslin kompüterləşdirilməsi üçün belə model effektiv sayıla bilər", - İdarə rəsmisi əlavə edib.

Azərbaycanın təhsil müəssisələrinin kompüterləşdirilməsi prosesinə 2005-ci ildən başlanılıb. Hazırda Azərbaycanda hər 20 şagirdə bir kompüter düşür.

Xəbər lenti

Xəbər lenti