Azərbaycan, Bakı, 10 noyabr /Trend/
AFFA-nın İntizam Komitəsi "Şahdağ" klubunun baş məşqçisini və "Bakılı" klubunun prezidentini 5 oyunluq cəzalandırıb. Bundan başqa, hər iki klub ayrı-ayrılıqda 500 manat cərimə olunublar.
Trend-in cümə axşamı AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, noyabrın 6-da, 2011/2012-ci il mövsümündə Azərbaycan I divizionunun IX turunun "Bakılı" - "Şahdağ" matçının 16-cı dəqiqəsində "Şahdağ" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edildikdən sonra "Şahdağ" klubunun baş məşqçisi Kamran Əlibabayev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir edib. Fasilə zamanı "Bakılı" klubunun prezidenti Misir Əbilov dəhlizdə "Şahdağ" klubunun futbolçularını təhqir etməyə başlayıb və bu hadisə hər iki klubun futbolçularının bir-birinə qarşı aqressiv hərəkətləri və nalayiq ifadələri ilə nəticələnib. Matçın baş hakimi isə öz səlahiyyətlərini aşaraq matçın II hissəsini keçirməkdən boyun qaçırıb.
"Bakılı" - "Şahdağ" matçı PFL-in təyin etdiyi vaxtda yenidən oynanılacaq.
Oyunun hakimlər briqadası və hakim-inspektoru haqqında da ciddi ölçü götürüləcək.