...

Azərbaycana qrup halında gələn turistlərə güzəştlər tətbiq oluna bilər

Cəmiyyət Materials 11 Noyabr 2011 11:23 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə qrup halında gələn turistlərə müvafiq güzəşt tariflərinin tətbiq olunması təklifi ilə müvafiq qurumlara müraciət edib.
Azərbaycana qrup halında gələn turistlərə güzəştlər tətbiq oluna bilər

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə qrup halında gələn turistlərə müvafiq güzəşt tariflərinin tətbiq olunması təklifi ilə müvafiq qurumlara müraciət edib. Bunu cümə günü Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini, Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, hazırda təkliflər araşdırılır. Təkliflərdə güzəşt tariflərinin Azərbaycan üçün prioritet olan ölkələrdən birbaşa "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarəsi ilə qrup halında gələn turistlərə şamil edilməsi qeyd olunur.

"Söhbət burada yalnız qrup şəklində ölkəyə gələn turistlərdən gedir. Hazırkı tarif bazara müvafiqdir. Ancaq biz istəyirik ki, heç olmasa, qrup şəklində gələnlərə güzəşt tətbiq olunsun. Bu, beynəlxalq təcrübədə də tətbiq edilir", - Qəhrəmanov deyib.

O bildirib ki, nazirlik təkliflərində güzəşt tarifinin konkret həcmini açıqlamayıb.

"Qiymətlərdə güzəştlərin nə qədər olması bizim istəyimizdən asılı deyil. Bu qiymətlər bazara uyğun olacaq", - nazirlik rəsmisi əlavə edib.

Qəhrəmanov güzəşt tarifinin tətbiqi ilə bağlı təkliflərin hazırlanmasında əsas məqsədin ölkəyə gələn turistlərin sayını artırmaq olduğunu da vurğulayıb.

Bu ilin sonuna qədər Azərbaycana 2 milyon 100 min nəfər turistin gələcəyi gözlənilir. Növbəti 5 ildə Azərbaycana gələn turistlərin sayının 3 milyona çatdırılması qarşıya məqsəd qoyulub.

Xəbər lenti

Xəbər lenti