Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Azərbaycan milli komandasının Albaniyada təşkil olunmuş təlim-məşq toplanışı yekunlaşıb. Trend-in şənbə günü AFFA-nın saytına istinadən yaydığı məlumata görə, bu gündən etibarən millimizin Almaniyanın Berlin şəhərində təlim-məşq toplanışı başlayacaq.
Hazırlıq prosesi çərçivəsində noyabrın 15-də millimiz "Union Berlin" klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu oyununun test xarakterli olduğu nəzərə alınaraq və gələcəkdə millidə çıxış etmək ehtimalı böyük olan gənc futbolçuların təcrübə toplaması məqsədilə komandanın heyətində dəyişiklik edilib.
Volodimir Levin, Elşən Məmmədov, Mahir Şükürov, Branimir Subaşiç və Rail Məlikov bu gün millinin düşərgəsini tərk edərək Bakıya qayıdacaq.
Bununla yanaşı, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan Amit Quluzadə, Cihan Özkara, Bədavi Hüseynov və Rizvan Umarov milli komandanın düşərgəsinə gedəcək. Araz Abdullayev zədəli olduğu üçün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən çıxarılıb.