Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/
Son 7 ildə Azərbaycanda vəkillərin sayı iki dəfə artıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda "Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması" mövzusunda keçirilən konfransda ədliyyə nazirinin müavini Toğrul Musayev deyib.
"Müstəqillik illərində Azərbaycanın hüquq sistemində bir çox islahatlar keçirilib. Bu gün də islahatlar davam edir. Bu islahatların nəticəsində 2004-cü illə müqayisədə hazırda vəkillərin sayı 2 dəfə artaraq 850 nəfərə çatıb. Hazırda vəkil olmaq üçün 177 namizəd test imtahanlarından keçir", - Musayev bildirib.
AMEA İnsan Hüquqları İnstitutunda ATƏT-in Demokratik Təsisatlat və İnsan Hüquqları Bürosu və təşkilatın Bakı Ofisi ilə birgə "Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva çıxışında deyib ki, məhkəmə sistemi inkişaf etdikcə, vəkillik sistemi də inkişaf edir. Azərbaycan hökuməti bu sahəyə böyük diqqət yetirir.