Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda uşaq hüquqları və media mövzusunda elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Trend-in məlumatına görə, müsabiqədə uğurlu iştirakına görə 3 jurnalist - Trend BİA-dan Könül Zərbalıyeva, "Kaspi" qəzetindən Təranə Məmmədova, "Ayna" qəzetindən Aynurə Əhmədova diplom və pul hədiyyəsi ilə mükafatlandırılıblar.
Bakıda çərşənbə günü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının II Forumu keçirilib.
Forumun əsas məqsədi uşaqların öz hüquqlarına dair qərar və siyasətin hazırlanmasında iştirakını təmin etməkdir.
Forumda respublikanın bütün şəhər və rayonlarından 350 uşaq iştirak edib. Uşaqlar 7 mövzuda işçi qruplarına bölünərək hökumətə təqdim etmək üçün müvafiq təkliflər hazırlayıblar.
Azərbaycan Uşaqlarının I Forumu 2009-cu il dekabrın 17-də keçirilib.