...

Azərbaycanda mineral sulardan xüsusi məqsədlər üçün necə istifadə etmək olar?

Cəmiyyət Materials 17 Noyabr 2011 17:08 (UTC +04:00)
Azərbaycanda mineral su ehtiyatları xüsusi razılıq əsasında istifadə edilir.
Azərbaycanda mineral sulardan xüsusi məqsədlər üçün necə istifadə etmək olar?

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda mineral su ehtiyatları xüsusi razılıq əsasında istifadə edilir. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, mineral sulardan biznes məqsədilə istifadə etmək istəyənlər bu sulardan xüsusi istifadə üçün ilk növbədə ETSN-dən icazə almalıdırlar. Bu məqsədlə nazirlik müraciət edən özəl və dövlət qurumlarından sudan istifadə ilə bağlı sorğu tələb edir. Bu sorğuda suyun mənbəyi, götürülmə şəraiti, onun ətraf mühitə təsiri barədə məlumatlar toplanılır. Nazirlik bu məlumatlar əsasında araşdırma aparır. Araşdırmalardan sonra sudan istifadə zamanı ətraf mühitə mənfi təsir olmayacağı təqdirdə, müraciət edənə 3 ildən 5 ilə qədər sudan xüsusi istifadə üçün icazə verilir.

Daha sonra isə Səhiyyə Nazirliyinin mütəxəssisləri istifadə ediləcək suların tərkibini öyrənməli və bu qurum da sudan istifadəyə icazə verməlidir. Mineral sulardan istifadə üçün həmin su ehtiyatının yerləşdiyi yerli icra orqanlarının da razılığı alınır.

Əbdülhəsənov deyib ki, Azərbaycandakı mineral suların çoxu özəl təşkilatlar tərəfindən əhaliyə satılır. Bu suların istismarı zamanı dövlət və ya özəl şirkətlər üçün hər hansı məhdudiyyət qoyulmur.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın kifayət qədər mineral su ehtiyatları var və onlardan geniş istifadə edilir. Hazırda Azərbaycanda 200 qrupdan artıq mineral su mənbəyi var. Su mənbələrinin 1000-dən çoxu insanlar tərəfindən bulaq kimi istifadə edilir. Kimyəvi tərkibinə görə Azərbaycanın mineral suları 10 qrupda cəmləşib. Bunlar hidrokarbonat, hidrokarbonat-xlorid, hidrokarbonat-xlorid-sulfat, hidrokarbonat-sulfat, xlorid-hidrokarbonat, xlorid, xlorid-sulfat, sulfat-xlorid, sulfat-hidrokarbonat, göydaşlı sulardır.

Əbdülhəsənovun sözlərinə görə, mineral suların ümumi ehtiyatı 20 milyon litr/sutkadır.

Böyük Qafqazda 1898,6 min l/sutka, Kiçik Qafqaz - 11278,7 min l/sutka, o cümlədən Naxçıvan Muxtar Respublikas - 4352,1 min l/sutka, Talış - 2793,9 l/sutka, Kür çökəkliyində 50 min l/sutka mineral su var.

Xəbər lenti

Xəbər lenti