...

Azərbaycanda neft sənayesində ekoloji normalara riayət olunması vəziyyəti araşdırılıb

Cəmiyyət Materials 18 Noyabr 2011 10:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2011-ci ilin keçən dövrü ərzində neft sənayesində apardığı monitorinqlərin nəticələrini açıqlayıb.
Azərbaycanda neft sənayesində ekoloji normalara riayət olunması vəziyyəti araşdırılıb

Azərbaycan, Bakı, 18 noyabr / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2011-ci ilin keçən dövrü ərzində neft sənayesində apardığı monitorinqlərin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıblar.

Araşdırma zamanı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının dənizə axıdılması, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsi müəyyən olunub.

Bununla bağlı "BP" şirkətinə qarşı 2010-cu ildə 593 948 manat, 2011-ci ilin keçən dövrü ərzində 46 583 manat məbləğində iddia qaldırılıb.

"Bahar Enerji" Əməliyyat Şirkəti karbohidrogen ehtiyatlarının mənimsənilməsində ətraf mühitin mühafizəsi və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərini pozduğuna görə (su hövzələrini çirkləndirməsi, bərk tullantıları düzgün idarə etməməsi) şirkət hüquqi şəxs qismində 10 000 manat məbləğində cərimələnib.

"Azneft" İstehsalat Birliyinin "Neft Daşları", "28 May" və "Abşeronneft" NQÇİ-lərində aparılan araşdırmalar zamanı müəssisələrdən Xəzər dənizinə istehsalat sularının axıdılması və atmosferə zərərli maddələrin atılması faktları aşkar olunaraq akt tərtib edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı "Azneft" İB-yə 35 730 manat məbləğində ödəmə tətbiq edilib, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə "məcburi göstəriş" verilib.

"Neftçala Operating Company LTD" şirkətinin Neftçala, Xıllı, Durovdağ-Babazanan və Ramanı neft yataqlarında aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunub. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 7300 manat məbləğində ödəmə tətbiq edilib, nöqsanların aradan qaldırılması məqsədilə şirkət rəhbərliyinə "məcburi göstəriş" verilib.

"Balaxanıneft" NQÇİ-də ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb, aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib edilib. Atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 5324 manat məbləğində ödəmə tətbiq edilib, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə "məcburi göstəriş" verilib.

"Suraxanı Oil Operation Company S.A." ətraf su mühitinə atılan zərərli maddələrə görə 10 057 manat məbləğində ödəmə tətbiq edilib, çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

"Binəqədi Oil Operation Company S.A." şirkətinin Binəqədi neft yataqları blokları yerləşən ərazi və mövcud infrastruktur obyektlərinin vəziyyəti ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb. Qazma şlamlarının düzgün yerləşdirilməməsi və tullantı sularının tərkibində neft məhsullarının olduğu müəyyən edilərək akt tərtib olunub, müəssisəyə 9250 manat məbləğində ödəmə tətbiq edilib.

ETSN digər müəssisələrdə aşkarladığı nöqsanlarla bağlı da ödəmələr tətbiq edib bə onlara göstərişlər verib.

Xəbər lenti

Xəbər lenti