Azərbaycan, Bakı, 19 noyabr / Trend, müxbir İ.İsabalayeva/
Bu ilin oktyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 34 235 nəfərə təqaüd təyin edilib. Dövlət Statistika Komitəsindən şənbə günü Trend-ə verilən məlumata görə, bir nəfərə düşən təqaüdün orta aylıq məbləği 110,85 manatdır. Xüsusi xidmət göstərən şəxslərin 167-i "Xalq" (orta aylıq məbləğ 50 manat), 1563-ü "Əməkdar" (orta aylıq məbləğ 30 manat) Fəxri adına görə təqaüd alır.
Ölkədə 468 nəfərə Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü ( orta aylıq məbləğ 1000 manat) təyin edilib.
Azərbaycanda 188 nəfərə "Milli Qəhrəman" (orta aylıq məbləği 589,15 manat) adına görə, 134 nəfərə ""20 yanvar" faciəsi zamanı şəhid olanların ailəsi (orta aylıq məbləği 255, 41 manat), 13 560 nəfərə şəhid ailəsi olduğu üçün (orta aylıq məbləği 137, 32 manat) təqaüd verilir.
Ümumilikdə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 18 155 müharibə əlilinə təqaüd verilir. Onların 11 249-u Azərbaycan Respublikasının müdafiəsi zamanı, 2306 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olub. Müharibə əlillərinin 1562 nəfəri Böyük Vətən Müharibəsi, 2750 nəfəri Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar əlil olanlar, 288 nəfəri 1990-cı ilin 20 yanvar hadisələri zamanı əlil olanlardır.