...

Ekologiya Nazirliyi qanunsuz ovla bağlı reydlərin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 25 Noyabr 2011 12:52 (UTC +04:00)
Ekologiya Nazirliyi qanunsuz ov edilməsinin qarşısının alınması məqsədilə keçirilən reydlərin nəticələrini açıqlayıb
Ekologiya Nazirliyi qanunsuz ovla bağlı reydlərin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Bu ilin doqquz ayı ərzində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı brokonyerliklə məşğul olan şəxslərdən 131 ədəd ov tüfəngi müsadirə edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reydlər zamanı müxtəlif inzibati rayonların ərazisində yerləşən sulutarlarda, dəniz sahilində, xüsusi mühafizə olunan təbiət ərazilərində, ovçuluq təsərrüfatlarında və digər ərazilərdə qeyri-qanuni ovla məşğul olan şəxslərə qarşı, ümumilikdə 201 akt və protokol tərtib olunub.

Qanun pozucuları inzibati qaydada 117945 manat məbləğində cərimə olunub, bundan 27320 manatın ödənilməsi təmin edilib. Cərimələrin qalan hissəsinin ödənilməsi üçün işlər aidiyyəti üzrə məhkəmə icraçılarına və məhkəmələrə göndərilib, 26 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq sənədlər rayon polis şöbələrinə təqdim edilib.

Bundan əlavə, qanunsuz balıq ovu ilə əlaqədar daha 13 fakt aşkar edilərək, təbiətə 5610 manat dəyərində ziyan dəydiyi hesablanıb. İş üzrə materiallar cinayət tərkibi olması səbəbindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib və 11 işə müvafiq qaydada baxılaraq təbiətə dəymiş 4505 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Qanunsuz ovla məşğul olan şəxslərdən götürülmüş, eləcə də bazarlarda, ictimai-iaşə obyektlərində və yol kənarlarında qeyri-qanuni satılan çöl quşları yığılaraq yandırılıb.

Hazırda respublika ərazisində reydlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti