...

Azərbaycanda xəstəni səhv müalicə edən həkimlərə qarşı cəzalar sərtləşdirilə bilər

Cəmiyyət Materials 28 Noyabr 2011 16:54 (UTC +04:00)
Azərbaycanda xəstəni səhv müalicə edən həkimlərə qarşı cəzalar sərtləşdirilə bilər.
Azərbaycanda xəstəni səhv müalicə edən həkimlərə qarşı cəzalar sərtləşdirilə bilər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda xəstəni səhv müalicə edən həkimlərə qarşı cəzalar sərtləşdirilə bilər. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bazar ertəsi Trend-ə deyib ki, "Pasiyentin hüquqları haqqında" qanun layihəsinin qüvvəyə minməsindən sonra xəstəni səhv müalicə edən həkimlərin məsuliyyəti daha da artırılacaq və bu məsələ Cinayət Məcəlləsində öz həllini tapacaq.

Təmsil olunduğu komitədə sözügedən layihənin müzakirə olunduğunu xatırladan millət vəkilinin sözlərinə görə, həkim səhvi Cinayət Məcəlləsində öz həllini tapıb.

"Həkim var ki, hər hansı səhlənkarlığı səbəbindən nöqsan yaranır və xəstənin vəziyyəti ağırlaşır. Ola bilsin ki, obyektiv səbəbdən həkim düzgün diaqnoz qoya və müalicə apara bilmir. Burada demək olar ki, həkimin faktiki olaraq məsuliyyəti nəzərdə tutulmur. Ola bilər ki, həkim qəsdən, hər hansı səbəbdən xəstəyə ya yardım göstərmir, ya da səhv yardım göstərir və bunun nəticəsində xəstənin vəziyyəti ağırlaşır. Bunlar hamısı fərqli məsələlərdir. Bütün bunlar Azərbaycanın mövcud qanunvericiliyində öz adekvat həllini tapıb", - Milli Məclis üzvü əlavə edib.

Komitənin sədr müavini deyib ki, hazırda əsas məsələ "Pasiyent hüquqları haqqında" qanunun üzərində iş aparmaq və onu qəbul etməkdir. Bu layihə qəbul edildikdən sonra həkimlərin məsuliyyəti məsələsinə yenidən baxmaq olar.

Quliyevin sözlərinə görə, həkimlərin məsuliyyətsiz olub-olmaması barədə ilk növbədə həkimlərin kollegiyası qərar verməli və həkim səhvini qiymətləndirməlidir. Yalnız bundan sonra inzibati orqanlar bu işə baxa bilər.

"Yoxsa prokuror və ya digər inzibati orqan işçisi necə bilər ki, həkim düzgün və ya səhv müalicə edib. Bütün dünyada da belədir. Həkimlərin konsiliumu və ya kollegiyası qərara gəlir ki, bu xəstənin müalicəsi düzgün və ya səhv aparılıb, diaqnozu qoyanda həkim mövcud imkanlara əsaslanıb və ya əsaslanmayıb. Bundan sonra həkim səhvi ortaya çıxırsa, bu səhvə uyğun olaraq, müvafiq orqanlar öz qərarlarını verirlər", - Quliyev qeyd edib.

Bu günlərdə Qırğızıstanın səhiyyə naziri ölkəsində həkim səhvinə görə cəzanın sərləşdirilməsi təklifi ilə çıxış edib. O, parlamentə müraciətində bildirib ki, xəstənin müalicəsində səhlənkarlıq göstərən həkimlər 20 il ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalandırılmalı və bunun üçün mövcud qanunvericiliyə dəyişiklik edilməlidir.

Xəbər lenti

Xəbər lenti