...

Nazir müavini: FHN-in beynəlxalq axtarış-xilasetmə dəstəsinin fəaliyyəti təkmilləşdirilir

Cəmiyyət Materials 15 Dekabr 2011 17:24 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin beynəlxalq axtarış-xilasetmə dəstəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində NATO və digər müvafiq qurumlarla məsləhətləşmələri davam etdirilir.
Nazir müavini: FHN-in beynəlxalq axtarış-xilasetmə dəstəsinin fəaliyyəti təkmilləşdirilir

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin beynəlxalq axtarış-xilasetmə dəstəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində NATO və digər müvafiq qurumlarla məsləhətləşmələri davam etdirilir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağı-zadə deyib.

Nazir müavini bildirib ki, axtarış və xilasetmə dəstəsi beynəlxalq xilasetmə işlərində dərhal və çevik fəaliyyət göstərmək məqsədilə yaradılıb.

Tağızadənin sözlərinə görə, aviasiya, müvafiq avadanlıq, yanğınsöndürmə texnikası, mobil hospital və digər zəruri texniki vasitələrlə təchiz olunmuş nazirliyin xilasediciləri hər an xarici ölkələrdə xilasetmə işlərində yaxından iştirak etmək üçün hazır vəziyyətdədirlər.

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Prezident İlham Əliyevin tapşırığına əsasən, bir sıra beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yüklərin ünvanına çatdırılmasında yaxından iştirak edib, İranda baş verən zəlzələdən, Pakistanda daşqın sularından əziyyət çəkən insanlara və digər ölkələrə humanitar yardımlar göndərib, xilasedicilərimiz xarici ölkələrdə iki irimiqyaslı təbii fəlakətin qarşısının alınmasında peşəkarlıq nümunəsi göstəriblər.

Nazirliyin Aviasiya dəstəsinə məxsus iki vertolyot 19 nəfərlik heyətlə ötən ilin avqust ayında Rusiya ərazisində tüğyan edən irimiqyaslı meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

"Həmçinin, ölkə başçısının tapşırığına əsasən, ötən ilin dekabr ayında Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus iki vertolyot 16 nəfərdən ibarət heyətlə İsrailin Hayfa şəhəri ətrafında baş vermiş yanğınların söndürülməsində fəal iştirak edib. Baş vermiş yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə xilasedicilərimiz Rusiya və İsrail dövlətlərinin orden və medalları ilə təltif olunublar. Türkiyənin Van vilayətində fəlakət zonasına yetişən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri apardıqları axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 12 nəfərin sağ çıxarılmasına nail olub, eyni zamanda, 60 cəsəd çıxararaq aidiyyəti üzrə təhvil veriblər", - nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti