...

Nailə Rzaquliyeva: Repetitorluğa yasaq qoya bilməyəcəyik

Cəmiyyət Materials 16 Dekabr 2011 15:35 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva nə orta məktəb şagirdlərinə repetitor yanına getməsinə, nə də müəllimə repetitorluqla məşğul olmasına yasaq qoya bilməyəcəklərini deyib.
Nailə Rzaquliyeva: Repetitorluğa yasaq qoya bilməyəcəyik

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəisi Nailə Rzaquliyeva nə orta məktəb şagirdlərinə repetitor yanına getməsinə, nə də müəllimə repetitorluqla məşğul olmasına yasaq qoya bilməyəcəklərini deyib. Trend-in məlumatına görə, Nailə Rzaquliyeva "Xalq" qəzetinə müsahibəsində bildirib ki, iş vaxtından sonra evdə uşaqlarla məşğul olmaq müəllimin təbii hüququdur.

"Kim öz övladına əlavə təhsil vermək istəyirsə, qoy versin. Kim məktəbdəki iş vaxtından sonra evdə uşaqlarla məşğul olursa, bu, onun təbii hüququdur. Ancaq həmin məsələ məktəbdə davamiyyətin pozulmasına və ya müəllimin işə gec gəlməsinə səbəb olacaqsa, biz buna imkan verməyəcəyik", - Rzaquliyeva deyib.

O əlavə edib ki, indiyədək bu halların qarşısı qətiyyətlə alınıb, gələcəkdə isə daha kəskin şəkildə alınacaq.

İdarə rəisinin sözlərinə görə, qəbul imtahanlarında 690-700 bal toplamış Bakı məzunlarının əksəriyyəti repetitor yanına getməyib.

Rzaquliyeva bu fikirdədir ki, valideyn övladının dərsə davamiyyətinə, məktəbdə və cəmiyyətdə davranışına ciddi nəzarət etsə, ona biliklərin əsasının məktəbdə öyrədildiyini təlqin etsə, onda repetitora ehtiyac olmaz.

"Digər tərəfdən, hələ bilmək olmaz ki, repetitorun yanına getmək üçün evdən çıxan uşaq ora gedib çıxdı, ya yox? Ötən əsrin pedaqoqlarından birinin fikrini yada salaq ki, "uşağın əli işsiz, başı fikirsiz qalanda tərbiyəsi pozulur". Bu barədə valideynlər repetitora ehtiyac hiss edəndə yox, əvvəlcədən fikirləşməlidirlər", - Rzaquliyeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti