Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Mehdiyev/
Bakı Slavyan Universitetində cümə günü görkəmli ictimai-siyasi xadim, milli mətbuatımızın klassiki Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı Səfər Məmmədov Nəsir İmanquliyevin həyat yolu, yaradıcılığı və peşə fəaliyyəti barədə danışıb.
O, görkəmli jurnalistin II Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, "Krım" qəzetindəki fəaliyyətindən də danışaraq, onu müharibə illərində özünü əsl mərd qələm sahibi kimi tanıtdığını vurğulayıb.
BSU-nun Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, dosent Etibar Babayev isə, öz növbəsində, Nəsir İmanquliyevin baş redaktoru olduğu "Bakı" və "Baku" qəzetlərinin köhnə nüsxələrini tələbələrə nümayiş etdirib.
O bildirib ki, Nəsir İmanquliyev olan yerdə qərəz, yalan, şər-böhtan yox idi. Nəsir müəllim gənc yazarlara qarşı xüsusi həssaslıqla yanaşır, həm onların yazılarının dərc olunmasında, həm də püxtələşməsində şəxsən rol oynamağa can atırdı.
Nəsir İmanquliyevin rəhbərliyi altında çalışmış BSU-nun müəllimi Gülnaz Baqvanova da qeyd edib ki, mərhum qayğıkeşliyi ilə yanaşı, həm də çox tələbkar insan olub.
"Məhz bu keyfiyyətləri onda xüsusi ahəngdarlıq təşkil edir və biz gənclər ona zirvə kimi baxırdıq. Onun bir sözünü belə nəzərdən qaçırmamağa çalışır, tövsiyələrini yerinə yetirməyi özümüzə borc bilirdik", - Baqvanova bildirib.
Çıxışlardan sonra tədbirdə Nəsir İmaquliyevin yaradıcılığı və jurnalistikanın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.