(Təfərrüatlar əlavə olunub, ilk xəbər 12:09-da dərc edilib)
Azərbaycan, Bakı, 30 dekabr / Trend müxbir H.Vəliyev/
Azərbaycan Nazirlər Kabineti "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"ni təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir. Bu qərar dekabrın 28-dən qüvvəyə minir.
Bu Qayda Azərbaycan Respublikasında mobil cihazların qeydiyyata alınması qaydasını və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsinin xüsusiyyətlərini tənzimləyir.
Layihəyə birbaşa Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nəzarət ediləcək.
Yeni sistem həm oğurluq, həm də ölkəyə qeyri-leqal telefon ixracı ilə daha səmərəli mübarizə aparmağa imkan verəcək.
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasən, şəxsi istifadə üçün ölkəyə gətirilən cihaz 30 gün ərzində İMEİ-kodlar məlumat bazasında qeydiyyata alınmalıdır.
Azərbaycanın mobil rabitə operatorları Azərbaycan Rabitə və İnformasiya Texniologiyaları Nazirliyindən qeydiyyata alınan cihazlar haqqında müvafiq bildiriş aldıqdan sonra İMEİ-kodların qeydiyyatı üzrə işə başlamalıdır. Operatorlar tərəfindən təqdim edilən qeydiyyata alınmış cihazlar haqqında məlumat "ağ səhifə"yə daxil ediləcək.
İstifadəçilər mobil cihazların qeydiyyata alınması və digər məsələlər barədə məlumatları qeydiyyat mərkəzi tərəfindən yaradılan internet informasiya ehtiyatından əldə edə bilərlər.
Sistemin işə salınmasından sonra ölkəyə gətirilən bütün cihazlar müəyyən edilmiş qaydalara əsasən qeydiyyatdan keçməlidir.
Azərbaycanda İMEİ-nömrələrin qeydiyyatı sistemi üç kateqoriyadan ibarət olacaq. Ora istifadəçi avadanlıqları daxil ediləcək. Bu, "ağ səhifə", "qara səhifə" və "boz səhifə"dir.
"Ağ səhifə"yə GSM Assosiasiyasının məlumat bazasında rəsmi qeydiyyatdan keçmiş mobil cihazların İMEİ nömrələri, "qara səhifə"yə bu Qaydaya uyğun qeydiyyata alınmamış, o cümlədən qeyri-qanuni yolla ölkəyə gətirilən, itirilən, oğurlanan, GSM Assosiasiyasının məlumat bazasında qeydiyyatdan keçməyən cihazlar daxil ediləcək. Operatorların şəbəkələrində bu cihazların işi məhdudlaşdırılacaq.
"Boz səhifə"yə mobil operatorların telekommunikasiya şəbəkəsindən xidmət alan, "ağ səhifə" və "qara səhifə"də olmayan mobil cihazların İMEİ nömrələri daxil ediləcək. Bu cihazlar onların istifadəsinin qanuniliyi müəyyən edildikdən sonra "ağ" və "qara" səhifələrə daxil ediləcək.