Azərbaycan, Bakı, 30 dekabr /Trend/
"Kəpəz" futbol klubunun prezidenti Elmir Əliyevin komandanın fəaliyyətini dayandırması ilə bağlı Trend-ə açıqlaması
- Elmir müəllim, son günlər futbol ictimaiyyətini narahat edən məlumat gəzir. Qədim futbol ənənələri olan Gəncə yenə futbolsuz qalır. Nə baş verir?
- Bu məsələnin kökü hələ "Kəpəz" Premyer Liqada birinci altılıq uğrunda mübarizəyə qoşulduğu vaxtdan başlamışdı. Komanda ardıcıl bir neçə qələbə qazanır, bir çox güclü klublara lazımi müqavimət göstərir, yaxşı nəticələr qazanırdı. Həmin dövrlərdə dəfələrlə hakimlər tərəfindən sıxışdırılan komanda mənəvi cəhətdən sarsılır, futbolçulara psixoloji təsirlər edilirdi. Hakim səhvləri və onların bəzilərinin "Kəpəz"ə qeyri-peşəkar münasibətinin nəticəsi o oldu ki, bu ilin sonunda komanda 10-cu yerdə qərarlaşmalı oldu. Hakimlərin Gəncə klubuna qarşı birtərəfli və ögey münasibətləri barədə dəfələrlə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova yazılı və şifahi məlumatlar verirdik. O isə öz növbəsində, bəzi KİV-in köməyi ilə bizi inandırmağa çalışırdı ki, guya hakimlər düz qərar çıxarıblar. Amma Xaqani Məmmədovun hakimi dəfələrlə düz çıxardığı epizodlar digər telekanallarda yayımlanan futbolla bağlı verilişlərdə futbol mütəxəssisləri tərəfindən tənqid olunurdu. Elə biz özümüz də, sponsorlarımızın nümayəndələri də oyunu canlı izlədiyi vaxtlarda belə haqsızlıqları öz gözləri ilə görürdülər. Təəssüflər olsun ki, bu müraciətlər nəticəsiz qaldığından, hakimlərin öz bildiklərini və ya kiminsə tapşırığını yerinə yetirməkdə davam etmələri sonda sponsorların komandanı maliyyələşdirməkdən imtina etməsinə gətirib çıxardı. Bir də yeri gəlmişkən, bu məsələdə bir sıra KİV-in və Gəncə futbolunu sevməyən jurnalistlərin də "böyük rolu" oldu.
- Elmir müəllim, axı sonda bütün bunlardan əziyyət çəkən Gəncə futbol azarkeşləri oldu. Azərbaycanın ikinci şəhəri yenə futbolsuz qaldı?
- Mən hesab edirəm ki, 2009-cu ilə qədər olan dövr yaxın tarixdir və bütün futbol ictimaiyyəti həmin günləri yaxşı xatırlayır. Qədim futbol ənənələrinə malik Gəncə şəhərində 4 il müddətində böyük futbol oynanıldı. Azərbaycan futboluna peşəkar futbolçular bəxş edən, daim ön yerlərdə olan Gəncə futbolu uzun müddət səfalət içində əziyyət çəkdi. Uşaq futbolu infrastrukturu demək olar ki, məhv oldu. Lakin millət vəkili Xanlar Fətiyevin Gəncə Regional Futbol Federasiyasına təyinatından sonra şəhərimizdə futbola münasibət köklü şəkildə dəyişdi. Peşəkarları ətrafına toplayan Xanlar müəllim şəhərimizdə futbolun yenidən dirçəlməsinə nail oldu. Müxtəlif yaş qruplarında uşaq futbolu inkişaf etməyə başladı. Ən vacib məsələ isə Gəncədə böyük futbol bərpa olunması idi. Eyniadlı komanda yarandı, formalaşdı, elə birinci ili də komanda qızıl medallar qazanaraq Premyer Liqaya yüksəldi. Klubda təxminən 120 nəfər çalışırdı və buradan məvacib alırdı. Futbol azarkeşləri böyük həvəslə stadiona gələrək doğma komandalarının oyununa baxırdılar. Artıq bütün yaş həddində uşaq futbolu infrastrukturu formalaşdırmışdıq. Əsas komanda, əvəzedici komanda, həvəskarlar və s. Stadionda öz daxili imkanlarımız hesabına bəzi təmir-bərpa işləri aparmışdıq. Stadionun ot örtüyünü tamamilə yeniləmişdik. Klubun pansionatında futbolçuların normal yaşayışı üçün bütün lazımi işlər görülmüşdü. Görünür, bu gördüyümüz işlər bəzi insanlara qane etmirdi.
- Kimləri nəzərdə tutursunuz?
- Bilirsiniz, "Kəpəz" tək hakimlərin təzyiqinə məruz qalmayıb. Ötən mövsüm güclülər dəstəsində təzyiqlər altında oynayan komanda mübariz oyun nümayiş etdirsə də, ilk altılığa düşə bilmədi. Komanda 5-6 tur dalbadal heç-heçə edərək turnir cədvəlinin 4-5-ci yerlərində qərarlaşanda stadiona toplaşan bir qrup azarkeşlər bizi dəstəkləməkdənsə bütün günü boş-boş tələblər irəli sürməklə, kimləri isə istefaya səsləməklə məşğul idilər. Nəticədə Fuad İsmayılov tutduğu vəzifədən uzaqlaşdırıldı. Onun yerinə baş məşqçi postuna təyin olunan Mehman Allahverdiyev də bir sıra hakim səhvlərinin və qərəzli qərarların sayəsində lazımi nəticə göstərə bilmədi. Gündə bir adla fəaliyyətə başlayan fan-klublar cürbəcür tələblər irəli sürməyə, işimizə maneələr yaratmağa başladılar. Xüsusi adamlar vasitəsilə komadadaxili ab-havanı pozmağa səy etdilər. Cürbəcür KİV-lərdə bəyanatlar verdilər. Təbii ki, Gəncədə futbolun inkişafına təmənnasız sərmayə qoyan sponsorlar da bu cür etinasız münasibətdən bezdilər. Nə qədər olar pul xərcləyib, əziyyət çəkib səbəbsiz narazılıqlar eşitmək? Bir dəfə də olsun, həmin fan-klublar, həmin jurnalistlər Gəncə futbolunu bərpa etdiyinə, inkişafına vəsait yatırdığına görə sponsorlarımıza minnətdarlıqlarını bildirmədilər, əksinə, hər dəfə təcrübəsizlikdə, qeyri-peşəkarlıqda günahlandırdılar. Təbii ki, bu cür səbəbsiz və yersiz təzyiqlər, sponsorlara hörmətsizlik nəticədə Gəncənin yenə klubsuz qalmağına səbəb oldu.
- Bir çox KİV-də komandanın dağılmasını Mirbağır İsayevin gedişi ilə də əlaqələndirirlər.
- Bu çox müzakirə mövzusu oldu. Mən qərara almışdım ki, bu barədə danışmayam. Lakin indi bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Mehman Allahverdiyevin istefasından sonra komandanı Mirbağır İsayevə həvalə etdik. Hesab etdik ki, o, gəncdir və komandada hansısa yenilik edə biləcək. Lakin o da komanda da elə bir yenilik edə bilmədi. Ardıcıl böyük hesablı məğlubiyyətlər sıralandı. İlk altılığa düşməyi sual altında olan komandamızda gəncləri ruhlandırmaq, onları daha da inkişaf etdirmək əvəzinə, öz prinsiplərini yeritməyə başladı. Komandadan legionerlərlə yanaşı, cavan, perspektivli futbolçuları da uzaqlaşdırdı. Təbii ki, dalbadal uğursuzluqdan sonra sponsorlar da məğlubiyyətlərlə bağlı narazılıqlarını və etirazlarını bildirəndə 18 yaşlı gənc futbolçunu bəhanə edərək komandanı başsız qoydu. Bu gün də bir çox KİV-də özünü qəhrəman kimi qələmə verən Mirbağır İsayev sadəcə komanda ilə işləməyi bacarmadı.
- Elmir müəllim, bütün futbol ictimaiyyəti Gəncə futbolunun bu vəziyyətindən üzgündür.
- Bilirsiniz, biz də istəməzdik belə olsun. Necə olmasa, bu 3 ildə xeyli əziyyət çəkmişik. Səfalət içində olmuş Gəncə futbolunu güclülər dəstəsinə qədər qaldırdıq. Lakin sponsorlar diqqət və hörmət, ən azı minnətdarlıq görə bilmədikləri üçün kənara çəkiliblər. Hələ məsələnin necə olacağını bilmirəm. Hazırda komanda fəaliyyətini dayandırıb.