Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Azərbaycanın ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış namizədlərlə Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət keçirilməsinə 2012-ci il yanvarın 10-dan başlanılması qərara alınıb. Bu barədə Trend-ə cümə axşamı nazirlikdən məlumat verilib.
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı 2011-ci ilin noyabr ayının 19-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış şəxslərin sənədlərinin toplanması və yoxlanılması başa çatıb və 122 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılıblar. Onların əksəriyyəti gənclərdir, təxminən yarısı respublikamızın müxtəlif bölgələrini təmsil edirlər.
Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı, İnşaatçılar prospekti, 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə qaydalara müvafiq olaraq söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Xatırladırıq ki, qanunvericiliyə əsasən, müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.