Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Nazirlər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib.
Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yeni dəyişiklik Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin təklifi əsasında edilib.
Nazirlər Kabinetinin qərarına görə, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na "Mərkəzi Klinika" MMC əlavə edilib. Həmin müəssisədə böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi 12-barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi transplantasiyasını həyata keçirmək mümkün olacaq.
İndiyədək M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrək, Mərkəzi Gömrük Hospitalıında qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzində gözün buynuz qişası, Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişasının transplantasiyasını aparmaq mümkün idi.