Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Azərbaycanın Baş prokuroru yanında "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov yola saldığımız 2011-ci ilin Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin ən mühüm dövrlərindən biri olduğunu bildirib. Xüsusi olaraq vurğulanıb ki, artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edən Azərbaycanın hərbi xərcləri 3 milyard dollarlıq həddi keçməklə hərbi quruculuq işləri daha yüksək səviyyəyə qalxıb. Eyni zamanda, 2011-ci ildə 20 illik müstəqillik dövründə ən böyük tarixi qələbə qazanılaraq, Azərbaycan Respublikası dünyanın 155 ölkəsinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Baş prokuror vurğulamışdır ki, ötən il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. Digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsidir ki, 2011-ci il ərzində cinayətkarlığa qarşı mübarizə daha kəsərli olmaqla yeni müstəviyə qaldırılıb, cinayətkarlığın dinamika və strukturunda müsbət dəyişikliklər baş verib.
Zakir Qaralovun məruzəsində görülmüş işlər sırasında xüsusi vurğulanıb ki, 2011-ci ildə Azərbaycan Prezidentinin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası başa çatdırılıb. Dövlət Proqramı prokurorluğun tarixində yeni təkmilləşmə, hərtərəfli inkişaf və müasirləşdirmə dövrünün əsasını qoyub, 2009-2011-ci illər ərzində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində konkret vəzifələr müəyyənləşdirib.
"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar görülmüş işlər barədə Baş prokurorun müavini Namiq Əsgərov geniş məlumat verib.
Dövlət Proqramı və onun icrası ilə əlaqədar müvafiq tədbirlər planında "Prokurorluq haqqında" Qanunla müəyyənləşdirilmiş konkret fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müzakirələrdə iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov ətraflı çıxış ediblər.
Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənovun məlumatı əsasında 2012-ci ilin birinci yarısı üçün iş planı təsdiq edilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Zakir Qaralov tərəfindən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün fundamental əsas olmuş Dövlət Proqramının icra mərhələsində olan tədbirlərin yerinə yetirilməsi vəziyyətinin hərtərəfli müzakirələri keçirilməklə nəzərdə tutulmuş tədbirlərin qısa müddətlərdə yekunlaşdırılması, "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının nəticələri barədə Azərbaycan Prezidenti Administrasiyasının və Nazirlər Kabinetinin məlumatlandırılması, 2012-ci ilin əvvəlindən tətbiqinə başlanılan "Elektron Sənəd Dövriyyəsi" sisteminin real işləməsi və mərhələlərlə Bakı şəhər, respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının həmin sistemin işinə cəlb edilməsi, dövlət başçısı İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və təsdiqindən sonra onun icrası üçün zəruri tədbirlərin görülməsi, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ən qəti tədbirlərin görülməsi, nizam-intizamın daha da möhkəmləndirilməsi, Təşkilat-analitik idarəsi və Baş Prokurorluğun digər əlaqədar qurumları tərəfindən bütün sahələrdə tabe prokurorluqların fəaliyyətinə nəzarətin daha da gücləndirilməsi, neqativ hallara qarşı prinsipiallığın artırılması, Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsi ilə əlaqədar zəruri təşkilati hazırlıq işlərinin aparılması barədə konkret tapşırıqlar verilib.