...

Azərbaycanda ən çox aparılan plastik əməliyyatlar

Cəmiyyət Materials 11 Yanvar 2012 13:46 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən plastik əməliyyatlar sırasında ilk yeri burunun xarici görünüşünün dəyişdirilməsi tutur.
Azərbaycanda ən çox aparılan plastik əməliyyatlar

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda həyata keçirilən plastik əməliyyatlar sırasında ilk yeri burunun xarici görünüşünün dəyişdirilməsi tutur. Bunu çərşənbə günü Trend-ə Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin (ABEPRCC ) üzvü, tanınmış plastik cərrah Camal Əzimzadə bildirib.

Onun sözlərinə görə, bu siyahıda sonrakı yerdə üz cizgilərinin dəyişdirilməsi, yəni qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır. Azərbaycanda daha çox edilən üçüncü plastik əməliyyatlar isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nayihəsinin böyüdülməsidir. Azərbaycanda dərialtı piylərin xaric edilməsi də ən çox aparılan plastik əməliyyatlar sırasındadır.

Əzimzadə deyib ki, silikondan daha çox süd vəzisinin böyüdülməsi məqsədilə istifadə edilir. Sinəsini böyütmək istəyənlərin çoxu uşaq dünyaya gətirən qadınlardır. Bu əməliyyatı etdirən qadınların müəyyən hissəsini isə hələ ana olmayan gənc xanımlar təşkil edir.

Həkimin sözlərinə görə, silikonlardan yalnız cavan xanımlar deyil, yaşlı, hətta 60-62 yaşlı qadınlar da istifadə edirlər.

O bildirib ki, yalnız qadınlar deyil, kişilər də plastik əməliyyat etdirirlər. Qadınlar kimi, kişilər də daha çox burun formalarının dəyişdirilməsi üçün plastik əməliyyat etdirirlər.

Kişilərin daha çox etdirdiyi plastik əməliyyatlar siyahısında ikinci yeri göz qapaqlarının və qırışların dartılması, üçüncü yeri isə dərialtı piylərin götürdülməsi tutur.

"Ümumilikdə, plastik əməliyyatlara daha çox qadınlar maraq göstərirlər. Kişilər daha çox qorxduqları üçün bu əməliyyatları etdirmirlər. Kişilərin plastik əməliyyatlardan çəkinməsinin digər səbəbi onların düşüncə tərzi ilə bağlıdır. Kişilərin bir qismi elə düşünür ki, əməliyyat etdirsələr, onlara yaxşı baxmazlar. Ona görə də utanıb plastik əməliyyat etdirmirlər", - Əzimzadə bildirib.

O qeyd edib ki, ki, qadınlar kimi kişilər də doqaqlarının həcmini böyütmək üçün gellərdən istifadə edirlər. Onun sözlərinə görə, normal oriyentasiyası olan, yəni cinsi azlığa mənsub olmayan kişilər də dodaqlarını böyüdürlər.

Həkim bildirib ki, dodaqların böyüdülməsi üçün müxtəlif gellərdən istifadə olunur. Gellər tez və gec sorulan olur. Təbii gellər bir neçə aydan bir ilə qədər olan müddətdə orqanizmdən tamamilə sorulub xaric edilir. Səhiyyə Nazirliyinin icazəsi ilə işlədilən gellərdən istifadə zamanı orqanizmdə heç bir fəsad yaranmır. Amma xaricdən, xüsusilə Rusiya və Ukraynadan ucuz qiymətə gətirilmiş keyfiyyətsiz sintetik gellərin istifadəsi nəticəsində müəyyən fəsadlar yarana bilər. Belə gellərin bədəndə qaldıqca irinləmə verməsi mümkündür. Kauçuk, rezindən olan silikonlar isə orqanizmdə daha uzun müddət qalır. Amma silikon implantların da ümumi cərrahi fəsadları ola, yəni yara irinləyə bilər.

Əzimzadənin sözlərinə görə, gel və silikonların orqanizmdən çıxarılması ucuz əməliyyatdır. Bu əməliyyat 100-150 manata başa gəlir.

Həkim bildirib ki, orqanlara keyfiyyətli gelin vurulması bir neçə dəfə təkrarlana bilər. Belə əməliyyatların dəfələrlə edilməsi orqanizm üçün heç bir fəsad yaratmır.

Əməliyyatların qiymətinə gədikdə, Əzimzadə deyib ki, ən bahalı plastik əməliyyat süd vəzilərinin və sağrı hissənin böyüdülməsidir. Bu əməliyyatlar təxminən 2000 manata başa gəlir. Həmin əməliyyatların qiymətinin digərlərinə nisbətən yüksək olması silikondan istifadə ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti