...

Azərbaycan əhalisinin 95 faizi Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir

Cəmiyyət Materials 23 Yanvar 2012 12:44 (UTC +04:00)
Dünyanın aparıcı araşdırma şirkətlərindən olan "TNS Global"ın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95 faizinin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini müəyyənləşdirib.
Azərbaycan əhalisinin 95 faizi Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir M.Əliyev/

Dünyanın aparıcı araşdırma şirkətlərindən olan "TNS Global"ın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95 faizinin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini müəyyənləşdirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93 faizi Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.

Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50 faizi Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacaqlarını, həmçinin, 30 faiz iştirakçı isə Olimpiya Oyunlarının Azərbaycanın paytaxtında uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduqlarını bildiriblər.

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Aparılmış sorğuya münasibətini bildirən Bakı-2020 Təşkilat Qrupunun İcraçı Direktoru Könül Nurullayevanın fikrincə, sorğunun nəticələri Təşkilat Qrupunun fikrini bir daha təsdiq edir: "Ölkə Prezidentindən tutmuş məktəbdəki şagirdlərədək əhalimiz yekdilliklə Bakının Olimpiya Oyunlarına namizədliyini dəstəkləyir. Paytaxtımızın namizədliyi üçün Milli Olimpiya Komitəmiz, müxtəlif idman federasiyaları və geniş ictimaiyyət də böyük səylər ortaya qoyurlar."

Paytaxtın 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyi etmək istəməsinin səbəblərinə də toxunan Könül Nurullayeva bildirib ki, Olimpiya məşəlinin 2020-ci ildə ilk dəfə olaraq Bakıya gətirilməsi Azərbaycana özünün böyük idman potensialını həyata keçirmək, ölkədə idmanın və həmçinin cəmiyyətin də inkişafına böyük təkan vermiş olar.

"Azərbaycanın çox gənc əhalisi var. Əhalimizin 50 faizdən çoxu 30 yaşdan cavandır. Olimpiya Oyunları vasitəsilə biz hamımız milyonlarla gənc kişi və qadın idmançılarımızın uğurlarını artıra bilərik, komanda oyunlarının inkişafını gücləndirə və yeni idman növlərini Azərbaycana gətirərik", - o deyib.

Xəbər lenti

Xəbər lenti