Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşündə deyib. Məlumatı çərşənbə axşamı Dövlət Komitəsinin mətbuat xidməti yayıb.
"Ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər", - o vurgulayıb.
Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və qayğı dövlətin din siyasətinin təməlini təşkil edir.
Dövlət Komitəsinin sədri təəssüflə bildirib ki, bəzi beynəlxalq hüquq təşkilatlarının və dövlətlərin hesabatlarında ölkəmiz barədə obyektivliyə söykənməyən qeydlərə rast gəlinir. Bunun səbəbini məlumatların dəqiqləşdirilmədən, ətraflı öyrənilmədən sənədə daxil edilməsində görən Orucov vurğulayıb ki, dövlətimiz Azərbaycan gerçəkliklərinin dünyaya olduğu kimi çatdırılmasını arzulayır və ölkəmiz din sahəsi ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman hazırdır.
Tarqay bildirib ki, ATƏT-in Bakı ofisi ölkənin din sahəsi ilə bağlı məlumatların obyektiv öyrənildikdən sonra hesabatlara daxil edilməsinin tərəfdarıdır.
"Sizinlə şəxsən görüşməkdə məqsədimiz informasiyaları mətbuatdan və ya ayrı-ayrı şəxslərdən, qurumlardan deyil, birbaşa mənbəyindən almaqdır. Əmin ola bilərsiniz ki, fəaliyyətim dövründə bu prinsipi əsas tutacağam və ATƏT-in Bakı ofisi Azərbaycan gerçəkliyini olduğu kimi təqdim edəcək", - o deyib.
ATƏT-in Bakı ofisinin rəhbəri qeyd edib ki, Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etməsi müəyyən dairələrin maraqlarına uyğun deyil və nə yolla olursa-olsun, ölkədə narahatlıq yaratmağa cəhd edə bilərlər.
"Belə məqamlarda cəmiyyətdə vəhdətin olması vacib şərtdir və mən burada müxtəlif dinlərin, millətlərin nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığını müşahidə edirəm", - o deyib.