...

Azərbaycanın təhsil naziri orta ümumtəhsil məktəblərində dərslərin təxirə salınması barədə əmr imzalayıb

Cəmiyyət Materials 2 Fevral 2012 10:20 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov orta ümumtəhsil məktəblərində dərslərin təxirə salınması barədə əmr imzalayıb.
Azərbaycanın təhsil naziri orta ümumtəhsil məktəblərində dərslərin təxirə salınması barədə əmr imzalayıb

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta ümumtəhsil məktəblərində dərslərin təxirə salınması barədə əmr imzalayıb. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib.

Onun sözlərinə görə, kəskin hava şəraiti ilə əlaqədar bütün orta ümumtəhsil məktəblərində dərslər həftə sonuna kimi təxirə salınıb.

Hüseynzadə həmçinin deyib ki, təhsil nazirinin əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da başqa vaxt keçiriləcək. Onun sözlərinə görə, imtahanların keçirilmə tarixi ilə əlaqədar əlavə məlumat veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-ə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti