...

Səlim Müslümov: Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 92,2 faizinə şamil olunacaq

Cəmiyyət Materials 9 Fevral 2012 13:37 (UTC +04:00)
Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 92,2 faizinə şamil olunacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi brifinqdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
Səlim Müslümov: Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 92,2 faizinə şamil olunacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir H.Vəliyev/

Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 92,2 faizinə şamil olunacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi brifinqdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.

"Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib", - Müslümov əlavə edib.

DSMF sədri bildirib ki, 2011-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 7,9 faizlik indeksi qeydə alınıb.

Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 8 fevral 2012-ci il tarixli Sərəncam imzalayıb.

Müslümov bildirib ki, sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.

"Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaqdır. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 5,0 milyon manat, il ərzində isə 60,3 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, bu artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılımışdır və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur.

Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir. Ümumilikdə isə artımlar fərqli olacaq. Yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yüksək olacaq.

Xəbər lenti

Xəbər lenti