...

Azərbaycanda qar ehtiyatının çoxluğu daşqınlar yarada bilərmi?

Cəmiyyət Materials 9 Fevral 2012 15:58 (UTC +04:00)
Azərbaycana bu il ərzində düşən qar ehtiyatı ötən ildəkindən çoxdur.
Azərbaycanda qar ehtiyatının çoxluğu daşqınlar yarada bilərmi?

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycana bu il ərzində düşən qar ehtiyatı ötən ildəkindən çoxdur. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yanvar ayında və fevral ayının ilk günlərində ölkə ərazisinə qar çox yağıb. Azərbaycanda bu il ərzində ən çox qar Böyük Qafqaz ərazisində yerləşən Balakən, Şəki, Qax rayonlarına düşüb. Quba ərazisinə düşən qarın miqdarı adıçəkilən rayonlara nisbətən bir qədər azdır. Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində qar ehtiyatı çox olsa da, cənub bölgəsində düşən qar ehtiyatı tez bir zamanda əriyir.

"Ona görə də cənub bölgəsində qar o qədər də fəsad törətmir. Amma Böyük Qafqazın dağlarında qar qalır. Onların ərimə prosesi martın sonu, aprelin əvvəlindən başlayır", - baş hidroloq əlavə edib.

O bildirib ki, Böyük Qafqaz ərazisindəki qar ehtiyatları Qanıx çayına əriyib axır. Həmin çay isə Kür çayına axır.

Verdiyevin sözlərinə görə, hələlik yüksək temperatur gözlənilmədiyi üçün qar ehtiyatının əriməsi gözlənilmir. Bu proses martın sonu, aprelin əvvəlində ola bilər.

Baş hidroloq ölkə ərazisində qarölçmə işlərinin martda aparılacağını da deyib.

O bildirib ki, bütün bu məlumatları əldə etdikdən sonra aprel-may-iyun aylarında gözlənilən daşqınlarla bağlı proqnoz vermək olar.

Xəbər lenti

Xəbər lenti