...

Azərbaycanda zəlzələləri proqnozlaşdırmaq üçün yeni meyarlar axtarılır

Cəmiyyət Materials 20 Fevral 2012 15:16 (UTC +04:00)
Azərbaycanda seysmik proseslər daha ətraflı - Yer qabığında gedən bu və ya digər proseslərlə əlaqələndirilməklə öyrəniləcək.
Azərbaycanda zəlzələləri proqnozlaşdırmaq üçün yeni meyarlar axtarılır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda seysmik proseslər daha ətraflı - Yer qabığında gedən bu və ya digər proseslərlə əlaqələndirilməklə öyrəniləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli bazar ertəsi Trend-ə deyib ki, bu məqsədlə 2012-ci ildə bütün stansiyalarda seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlarla yanaşı, GPS stansiyaların, maillikölçən elektrometriya cihazlarının və meteostansiyaların quraşdırılması planlaşdırılır.

Məmmədli deyib ki, GPS stansiya vasitəsilə Yerin horizontal hərəkəti ölçüləcək.

Onun sözlərinə görə, Yerin ayrı-ayrı blokları müxtəlif sürətlərlə hərəkət edir. Onların hərəkətləri nəticəsində ərazidə gərginlik toplanması baş verir. GPS stansiyalar vasitəsilə həmin ölçmələri aparmaqla tektonik, horizontal hərəkətlərin seysmik aktivliyin dəyişməsi ilə əlaqəsi araşdırılacaq.

"Ölkədəki bütün seysmik stansiyaların hər birində seysmik hadisələri qeyd etməklə yanaşı, Yerin horizontal hərəkətinin sürətini ölçəcəyik. Həmin sürətlərlə bunların əlaqəsini araşdıracağıq ki, nəticədə hansı dəyişikliklər müşahidə olunur. Ola bilər ki, seysmik gərginliyin toplanması üçün müəyyən meyarlar tapaq. Bu halda araşdırmalar daha da genişlənəcək", - Məmmədli əlavə edib.

O qeyd edib ki, hər bir ərazidə horizontal hərəkətlər baş verəndə süxur blokları bir-biri ilə toqquşur. Bunun nəticəsində Yer qabığı deformasiyaya uğrayır və bu zaman maillik əmələ gəlir.

Maillikölçən cihazlar vasitəsilə deformasiya nəticəsində mailliliyin artma və ya azalması, bunların nəticəsində hansı seysmik dəyişikliklərin müşahidə olunduğu araşdırılacaq.

Bütün bunlar isə öz növbəsində seysmikliliyi müəyyənləşdirən yeni meyarların tapılmasına kömək edə bilər.

"Biz dəqiq demirik ki, zəlzələnin proqnozunu verəcəyik, amma onun üçün kriteriyalar axtarırıq ki, hansı yolla zəlzələni proqnozlaşdırmağa yaxınlaşa bilərik. Biz bütün cihazlar vasitəsilə ümumi analiz aparıb ümumi meyar axtarmağa çalışacağıq", - Məmmədli deyib.

O bildirib ki, artıq cihazların bir hissəsi alınıb. Bu cihazlar quraşdırıldıqdan sonra seysmologiya sahəsi daha geniş tədqiq olunacaq.

Xəbər lenti

Xəbər lenti