Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın dövlət ali məktəblərində turizm sahəsi üzrə kadrların hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin tələb etdiyi şərtlərə uyğunlaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm ili"nin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
O bildirib ki, bu məsələ ilə bağlı artıq Təhsil Nazirliyi ilə birgə qərar verilib. Həmin qərara uyğun olaraq, Azərbaycandakı bütün dövlət ali məktəblərində turizmin tədrisi Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunda (ATİ) hazırlanacaq proqramlara uyğunlaşdırılacaq.
"Yəni, mərkəzi metodik işlərin görülməsi və bütün turizm kadrlarının hazırlanmasında baş ali məktəb ATİ olacaq. Bu, çox vacibdir", - Qarayev qeyd edib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə hazırda Azərbaycanda turizm sahəsində peşəkar kadr qıtlığının olduğunu deyib. Onun sözlərinə görə, ölkənin turizm kadrlarına olan tələbatını ödəmək üçün hazırda 2012-2016-cı illər üçün Bakı və regional turizm peşə məktəblərinin qurulması və inkişafı haqqında konsepsiya hazırlanır. Həmin konsepsiyaya uyğun olaraq, yaxın 5 il ərzində kadr probleminin həlli üçün bir sıra səmərəli addımlar atılacaq.