Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qanunsuz ov edən 56 nəfər saxlanılıb. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən reydlər zamanı həmin 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 12 min manat məbləğində cərimə tətbiq edilib.
Qanunsuz ov edənlərdən 5 nəfər Abşeron, 11 nəfər İmişli, 12 nəfər Qaradağ, 2 nəfər Saatlı, 2 nəfər Lənkəran, bir nəfər Neftçala, bir nəfər Şəki, 3 nəfər Ağsu, 3 nəfər İsmayıllı, 2 nəfər Kürdəmir, 3 nəfər Oğuz, 1 nəfər Cəlilabad, 3 nəfər Biləsuvar, bir nəfər Şirvan, bir nəfər Quba, 2 nəfər Qax rayonu ərazisində saxlanılaraq həmin şəxslər barəsində protrokol tərtib olunub və müvafiq qaydada cərimə tətbiq edilib. Müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.