Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Mehdiyev/
Bu gün "Milli təhlükəsizliyin qorunmasında gənclərin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində baş tutan tədbirdə əvvəlcə Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş videokompozisiya nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, deputat Gülçöhrə Məmmədova Azərbaycanın daim inkişaf etdiyini və ölkədə sabitliyin mövcud olduğunu söyləyib.
O, qeyd edib ki, bugünkü vəziyyətdə dövlətimizin, xalqımızın keşiyində duran hüquq-mühafizə orqanlarının da rolu var.
"Bu günlərdə Azərbaycan milli təhlükəsizlik orqanlarının 93-cü ildönümü olacaq. Biz elə bugünlərdə mili təhlükəsizlik orqanlarının Azərbaycana qarşı hazırlanan təxribatların qarşısını vaxtında alması barədə məlumatlar aldıq. Əlbəttə, ölkəmiz nə qədər inkişaf edəcəksə, onun uğurlarını gözü götürməyən də, uğurlara kölgə salmaq istəyənlər də, təxribat törətmək istəyənlər də olacaq olacaq. Amma əsas odur ki, bizim mili təhlükəsizlik orqanları bu cür halların qarşısını vaxtında alır", - millət vəkili deyib.
Rektor Heydər Əliyevin Azərbaycanın mili təhlükəsizlik orqanları tarixində rolunun önəmini vurğulayıb.
Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev çıxışında Azərbaycanın milli təhlükəsizlik orqanlarının fəaliyyətindən, beynəlxalq əməkdaşlığından danışıb. O həmçinin milli təhlükəsizliyin qorunmasında gənclərin rolundan söz açıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə də mövzu ətrafında çıxış edib və Azərbaycanın inkişafından danışıb.
Tədbirdə ali məktəbin magistr və tələbələri də çıxış ediblər.
"Milli təhlükəsizliyin qorunmasında gənclərin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib
Bu gün "Milli təhlükəsizliyin qorunmasında gənclərin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.