...

Azərbaycanda orta təhsil səviyyələri üzrə eksternat təhsil alanların buraxılış imtahanlarının təşkili qaydaları açıqlanıb

Cəmiyyət Materials 15 Mart 2012 14:25 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar"ı təsdiqləyib.
Azərbaycanda orta təhsil səviyyələri üzrə eksternat təhsil alanların buraxılış imtahanlarının təşkili qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar"ı təsdiqləyib.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, qaydalar bilavasitə Azərbaycan vətəndaşlarına şamil olunur.

Qaydalarda göstərilir ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat təhsil forması üzrə ümumi orta təhsil səviyyəsində buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.

Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu qaydalar onlara şamil edilmir.

Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən eksternlərin ərizələri hər ilin aprel ayı ərzində yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsində (idarəsində) qəbul olunur və qeydiyyata alınır.

Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil şöbəsinin (idarəsinin) müəyyən etdiyi məktəbin imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil olunur.

Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı ("Texnologiya"), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə, tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.

Aralıq imtahanlarını aparmaq üçün rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin əmri ilə hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət komissiya yaradılır.

Aralıq imtahanları hər il mayın 10-dan 20-dək yerli təhsil orqanının əmri ilə müəyyən edilmiş məktəbdə əvvəlcədən hazırlanıb təsdiq edilmiş imtahan sualları əsasında müvafiq komissiya tərəfindən keçirilir.

İmtahanların nəticələri protokollaşdırılır, fənn komissiyalarının sədrləri tərəfindən imzalanır və təhsil şöbəsinin (idarəsinin) müdirinin imzası və möhürü ilə təsdiq olunur.

Aralıq imtahanlarında müsbət qiymət alan eksternlərin adlı siyahısı (soyadı, adı, atasının adı) aşağıdakı sənədlərlə birlikdə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) göndəriş məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.

Aralıq imtahanlarından müvəffəqiyyətlə keçmiş eksternlər Təhsil Nazirliyinin müəyyən etdiyi imtahan mərkəzlərində mövcud qaydalar əsasında buraxılış imtahanı verirlər.

Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında sənəd siyahısına daxil edildiyi məktəb tərəfindən verilir.

Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində "bitirmişdir" sözündən əvvəl "eksternat qaydasında" sözləri əlavə olunur.

Xəbər lenti

Xəbər lenti