Azərbaycan, Bakı, 15 mart /Trend/
"Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın müraciəti əsasında cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb.
İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın internet məkanında "Azadlıq Radiosu"nun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid videogörüntülər yayılıb.