...

"Eurovision 2012"-nin postkardlarının çəkilişi başlayıb (FOTO) (VİDEO)

Cəmiyyət Materials 15 Mart 2012 19:16 (UTC +04:00)
"Eurovision 2012" Bakı şousunu bütün Avropa auditoriyası maraqla gözləyir.
"Eurovision 2012"-nin postkardlarının çəkilişi başlayıb (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

"Eurovision 2012" Bakı şousunu bütün Avropa auditoriyası maraqla gözləyir. Artıq şounun ayrılmaz hissəsi olan postkardların çəkilişləri başlayıb. Çəkilişlər "Eurovision 2012" mahnı müsabiqəsi şousunun istehsalı üzrə tərəfdaş olan Almaniyanın "Brainpool GmbH" şirkəti ilə birgə həyata keçirilir.

"Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupundan cümə axşamı Trend-ə verilən məlumata görə, postkardlar müsabiqədə iştirak edən hər bir ölkənin təmsilçisinin çıxışından əvvəl yayımlanan qısa videoçarxlardır.

Ümumilikdə, mayın 22, 24 və 26-da "Bakı Kristal Zalı"nda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində 42 videoçarx çəkiləcək. Bu çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində aparılacaq. "Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupunun təqdim etdiyi ssenarilər əsasında hazırlanan təqdimat videolarında fərqli üslubdan istifadə olunacaq.

Çəkilişin rejissoru Sven Freckin bildirdiyinə görə, Azərbaycana dair maraqlı mənzərələr, mövzular müasir texniki imkanlarla təqdim ediləcək. "Azərbaycanda Avropa ilə çox bənzərliklər var. Buradakı qədimlik və müasirliyin ahəngini bəyənirəm. Çalışacağıq ki, tamaşaçılara heç gözləmədikləri videoları nümayiş etdirək. Mən insanların evdə oturub nə gözlədiklərini bilirəm. Amma bu dəfə belə olmayacaq. Bu dəfə biz onlara adət etmədikləri, bu vaxtadək görmədikləri videolar təqdim edəcəyik", - Sven Freck bildirib.

Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand (Jon Ola Sand) il ərzində Bakı müsabiqəsinə yüksək səviyyədə hazırlıqların getdiyini bildirib. "May ayında insanlar əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər", - deyən "Eurovision" mahnı müsabiqəsinin rəhbəri tamaşaçıların builki şousu ilə fəxr edəcəklərini qeyd edib.

Xatırladaq ki, Azərbaycanın ev sahibliyi ilə keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkə təmsil olunur. Mayın 22 və 24-də müsabiqənin yarımfinal mərhələləri, mayın 26-da isə finalı olacaq.

Video Player
Xəbər lenti

Xəbər lenti