Azərbaycan, Bakı, 26 mart /Trend/
Misirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Tacikistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə iştirakı ilə "Beynəlxalq Novruz festivalı" keçirilib.
Azərbaycanın Misirdəki səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə festivalın təşkilatçısı olan ölkələrin səfirləri, bu ölkələrin Misirdəki icma üzvləri, Misirin dövlət və hökumət təmsilçiləri, Qahirədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, akademik və elmi dairələr, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev Azərbaycan xalqının qədim Novruz ənənələrindən danışaraq, Azərbaycanın təşəbbüsü və Novruzu qeyd edən bir çox dövlətlərin həmmüəllifliyi ilə 2010-cu ildə BMT Baş Assambleyasında qəbul olunmuş "Beynəlxalq Novruz günü" qətnaməsi haqqında məlumat verib. O əlavə edib ki, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkanlar, Yaxın Şərq və Qara dəniz hövzəsi boyunca 300 milyondan artıq insan tərəfindən qeyd olunan Novruzun əsas qayəsini insanlar və xalqlar arasında sülh, dostluq və əməkdaşlıq təşkil edir.
Misirin və ərəb dünyasının aparıcı televiziya kanalları və yerli mətbuat tərəfindən geniş şəkildə işıqlandırılan bu tədbir çərçivəsində səfir çoxsaylı müsahibələr verib və jurnalistlərin suallarını cavablandırıb.
Festivalda Türkiyə, Özbəkistan, İran, Özbəkistan, Tacikistan və Əfqanıstan səfirləri də çıxış ediblər.
Festival çərçivəsində hər bir ölkənin milli mədəniyyətini və Novruz adət-ənənələrini əks etdirən xüsusi guşələr nümayiş etdirilib.
Maddi-mədəniyyət nümunələrimizlə bəzədilmiş Azərbaycan guşəsinin zənginliyi və gözoxşayan gözəlliyi, milli mətbəximizin ləziz təamları və Novruza xas olan şirniyyatlarımız, ifa olunan kişi və qadın Azərbaycan rəqs nümunələri iştirakçılarda xüsusi maraq və xoş ovqat yaradıb.