Azərbaycan, Bakı, 31 mart /Trend/
Aprelin 16-dan etibarən İsveçin SVT telekanalında "Before ESC" ("Eurovision"dan əvvəl) verilişi start götürəcək.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, verilişdə "Eurovision 2012"-də səslənəcək 42 mahnının hər biri dinləniləcək və həmin kompozisiyalar 1-dən 5-ə qədər bal sistemi ilə qiymətləndiriləcək. Maraqlı məqamlardan biri də odur ki, şounun aparıcısı İsveçin "Eurovision" Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Krister Byorkman özüdür.
57-ci Eurovision Mahnı Müsabiqəsinin mahnılarına şərhlər və səsvermədə məşhur teleaparıcı Cina Diravi, iki dəfə "Melodifestivalen"in iştirakçısı olmuş Mans Zalmerlov, İsveçi 2004-cü ildə "Eurovision" Mahnı Müsabiqəsində təmsil etmiş Lena Filipson, müğənni və aktrisa Lizet Pagler, "Eurovision" eksperti Tomas Lundin iştirak edəcək.
İlk şou aprelin 16-da olacaq. Şounun digərləri isə aprelin 23-ü, 30-u və mayın 7-də yayımlanacaq.