...

Azərbaycanda terrorçuluq aksiyaları planlaşdıran silahlı birləşmənin 17 üzvü yaxalanıb

Cəmiyyət Materials 6 Aprel 2012 19:50 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb.
Azərbaycanda terrorçuluq aksiyaları planlaşdıran silahlı birləşmənin 17 üzvü yaxalanıb

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb.

MTN-in İctimai Əlaqələr Mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd "AKM" tipli avtomat silah, 1 ədəd "RPK" tipli pulemyot, 2 ədəd "Makarov", 1 ədəd "Naqan", 1 ədəd "Steçkin" tipli tapancalar, 2 ədəd "Karabin" tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd "Kenwood" markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.

Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti