...

Azərbaycanda turizm üzrə beynəlxalq sərgi işə başlayıb (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2012 14:14 (UTC +04:00)
Aprelin 12-də Bakıda Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF-2012") sərgisi öz işinə başlayıb.
Azərbaycanda turizm üzrə beynəlxalq sərgi işə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 12-də Bakıda Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF-2012") sərgisi öz işinə başlayıb.

Trend-in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirib ki, üç gün davam edəcək sərgidə təxminən 200 şirkət iştirak edir. Sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edəcək. Azərbaycan, Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ), Türkiyə, Bolqarıstan, Dağıstan, Stavropol diyarı, Hindistan, Kipr, Krım, Litva, Malayziya və Xorvatiya öz milli ekspozisiyalarını nümayiş etdirəcək. Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edəcək. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirəcək.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Azərbaycana gələn tiristlərin sayının getdikcə artdığını bildirib. O deyib ki, 2011-ci ildə Azərbaycana rekord sayda - 2 milyon 134 min turist gəlib. Bu rəqəm 2010-cu ilə nisbətən 14 faiz çoxdur. Ölkəyə gələn turistlərin sayındakı artım həm də 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə əlaqədardır.

Nazirin sözlərinə görə, artıq 3 ildir ki, Türkiyə bu sərgidə tərəfdaş ölkə kimi çıxış edir. Bu il isə ilk dəfə olaraq Bolqarıstan sərginin qonağıdır. Digər mühüm hadisə isə bu il ilk dəfə olaraq, Ümumdünya Turizm Təşkilatınınm sərgidə ayrıca stendlə çıxış etməsidir.

Ümumdünya Turizm Təşkilatının şöbə müdiri Alla Peresolova isə deyib ki, Azərbaycanla onun təmsil etdiyi təşkilat arasında artıq əməkdaşlıq əlaqələri qurulur. Bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid edən ÜTT rəsmisi hesab edir ki, yalnız birgə işləməklə turizm sahəsini inkişaf etdirmək olar.

Xəbər lenti

Xəbər lenti