...

Azərbaycanda abort üçün uşağın atasından yazılı icazə alınmalıdırmı?

Cəmiyyət Materials 17 Aprel 2012 14:50 (UTC +04:00)
Azərbaycanla qonşu olan Türkiyədə qadınların abort etdirməsinə mütləq həmin uşağın atası da icazə verməlidir.
Azərbaycanda abort üçün uşağın atasından yazılı icazə alınmalıdırmı?

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanla qonşu olan Türkiyədə qadınların abort etdirməsinə mütləq həmin uşağın atası da icazə verməlidir. Qadınlar bunun üçün tibb müəssisələrinə atanın hələ ana bətnində olan körpənin abort olunmasına razılıq verməsini göstərən ərizə təqdim etməlidirlər.

Azərbaycan Parlamentinin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, Azərbaycanda bu praktikanın tətbiqi geriyə atılmış addım sayılar.

"Türkiyədə islam dininə meyillilik daha güclüdür və burada dinin də müəyyən təsiri var. İslam dininə görə, uşağın taleyi ilə bağlı hökm vermək ataya mənsubdur. Amma biz başqa yolla gedirik. Hələ sovet dövründə bizim qanunvericiliyimizdə göstərilib ki, hamiləliyin süni şəkildə pozulması yalnız qadının özünün bilavasitə hüququdur", - millət vəkili Trend-ə bildirib.

Onun sözlərinə görə, qadını uşağı abort edib-etdirməməsinə təhrik etmək onun hüququnu məhdudlaşdırır.

Bu baxımdan Quliyev hesab edir ki, Azərbaycanın bu sahədəki təcrübəsi daha doğrudur. Azərbaycan təcrübəsi qadının bu məsələdə daha üstün mövqeyə sahib olmasına imkan verir.

Millət vəkilinin sözlərinə görə, kişi qadının uşaq dünyaya gətirməsini istəyirsə, onun üçün elə şərait yaratmalıdır ki, qadın bətnindəki körpəni abort etdirməsin.

Komitənin sədr müavini bildirib ki, Azərbaycanda abortlarla bağlı məsələdə yeniliyi başqa baxımdan etmək istəyirlər. Onun sözlərinə görə, selektiv abortlara, yəni uşağın cinsinə görə abortun aparılmasına və uşağın cinsinin USM vasitəsilə müəyyən edilməsinə icazənin verilməməsi üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməlidir.

"Bu, qanunvericilikdə göstərilməsə də, Səhiyyə Nazirliyi öz təlimatlarında bunu qadağan edir. Amma abortlar başqa adlar altında aparılır, səbəb göstərilmir, sadəcə qadının öz istəyi ilə abort etdirdiyi yazılır", - Quliyev əlavə edib.

O deyib ki, selektiv abortların qadağan olunmasının reallaşdırılması üçün yollar axtarılır.

Səhiyyə Nazirliyinin mütəxəssislərinin də bu işin tərəfdarı olduğunu bildirən Quliyev hesab edir ki, Azərbaycanda da gec-tez bu məsələ reallaşacaq.

Xəbər lenti

Xəbər lenti