...

Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalına start verildi (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2012 15:02 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetində "Dərəcə və ixtisas" Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalına start verilib.
Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalına start verildi (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universitetində "Dərəcə və ixtisas" Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalına start verilib.

Trend-in məlumatına görə, festival çərşənbə axşamı Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı çərçivəsində keçirilir. Bu kimi festivallar İtaliyanın Florensiya şəhərində Romualdo Del Bianko Fondu tərəfindən artıq 5 ildir müxtəlif ölkələrdə təşkil olunur.

Azərbaycan Memarlıq və İnşaat Universiteti 2009-cu ildə Bakıda ilk regional festivalı keçirib. Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən, geniş auditoriya üçün nəzərdə tutulmuş möhtəşəm festivalda isə Gürcüstan Dövlət İncəsənət Akademiyasının, Gürcüstan Texniki Universitetinin, Odessa İnşaat və Memarlıq Akademiyasının, Kipr Doğu-Akdeniz Universitetinin nümayəndələri iştirak edirlər. Tədbirin təntənəli açılışını Romualdo Del Bianko Fondunun prezidenti Paolo del Bianko və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova edib.

Məmmədova qonaqları salamlayaraq, festivalın 2-ci dəfədir paytaxtımızda keçirilməsindən məmnun olduğunu bildirib. Rektor festivalın əsas tədbirinin tələbələrin diplom işlərinin numayişi olduğunu söyləyib. Qeyd edək ki, artiq festivalda təqdim olunacaq diplom işləri Romualdo Del Bianko Fondunun saytında yerləşdirilib. İşlərə baxmaq üçün iştirakçılar www.florence-expo.com saytında regional festival bolümündə qeydiyyatdan keçərək öz diplom işlərini yerləşdiriblər.

Təbii ki, bu möhtəşəm konfransın nəticəsi olaraq, həmin diplom layihələri Fondla əlaqədə olan memarlıq-inşaat şirkətləri tərəfindən diqqətə alınacaq və reallaşdırılmasına imkan yaradılması üçün zəmin olacaq. Festival, eyni zamanda, müxtəlif ölkələrdən və universitetlərdən olan mütəxəsislər və tələbələr arasında əməkdaşlığı genişləndirəcək.

Tədbirdə açılış nitqi ilə çıxş edən Romualdo Del Bianko Fondunun prezidenti Paolo del Bianko, tələbələrin aparılan tədqiqatların əsas vasitəçiləri olduqlarını söyləyib. "Mədəniyyət sahəsində bioqrafiya" kimi yaratdıqları portalda isə hər bir tələbənin öz əl işləri, layihələri ilə yanaşı, milli mənsubiyyəti, tarixi haqqında da məlumatlarını yerləşdirmək hüquqları olduğunu bildirib.

Konfransda çıxış edən təhsil nazirinin muavini Qulu Novruzov bu layihəni imtahan əhval-ruhiyyəsini bayrama çevirən festival adlandırıb. Memarliq məktəbinin beşiyi sayılan AzMİU-nun beynəlxalq əməkdaşlıqlarına görə ölkənin öndə gedən universitetlərindən biri olduğunu söyləyib. Qeyd edib ki, bu layihə çox spesifik bir layihədir və burada tələbələrə beynəlxalq arenaya çıxış təqdim olunur. Novruzov İtaliyanın Florensiya şəhərində artıq 5 ildir ki, keçirilən bu beynəlxalq layihənin ölkəmizdə təşkilinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovaya minnətdarlığını bildirib.

AzMİU-da keçirilən festivalın məqsədi universitet tələbələrinə öz diplom işlərini geniş auditoriya qarşısında təqdim etmək imkanını yaratmaq, onları aparıcı memarların təcrübəsi ilə yaxından tanış etmək, memarlığın müxtəlif istiqamətlərinə aid mühazirələrdə və seminarlarda iştiraklarını təmin etməkdir. Belə ki, artiq festival çərçivəsində master-klasslara, mühazirə-konfranslara bu gündən etibarən start verilib. Bu gündən tədbirin qonaqları və iştirakçılar müxtəlif ölkələrdən gəlmiş tanınmış memarlarla, inşaat və memarlıq sahəsində sözünü demiş alimlərlə görüşlərdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti