...

Gənc Hüquqşunasların Beynəlxalq Bakı Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2012 11:49 (UTC +04:00)
Bakıda cümə günü Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin açılışı olub.
Gənc Hüquqşunasların Beynəlxalq Bakı Forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü Gənc Hüquqşunasların Beynəlxalq Bakı Forumu keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Azərbaycan uzunmüddətli və sabit inkişafını təmin etmək üçün bütün sahələrdə islahatları davam etdirir. "Hüquq və məhkəmə sahəsində görülən işlər də inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Cəmiyyətin inkişafı, yeni iqtisadi münasibətlər, insan hüquq və azadlıqlarının təmin edilməsi məhkəmə, prokurorluq, ədliyyə və polis orqanlarının fəaliyyəti ilə bağlı ardıcıl tədbirlərin görülməsini zəruri edir", - PA rəsmisi deyib.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar hüquqi mexanizmlərin və praktikanın müasir standartlara, açıq hökumət, elektron idarəetmə prinsiplərinə uyğun təkmilləşdirilməsinə yönəlib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, hazırda Azərbaycan əhalisinin 30 faizdən çoxunu gənclər təşkil edir. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən milli gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin qərarverici səviyyədə təmsil olunmasıdır. Babayev, həmçinin gənclərin ölkənin ictimai həyatında oynadığı mühüm roldan danışıb. Nazir müavini qeyd edib ki, ELSA müxtəlif ölkələrdən olan gənclərin birgə fəaliyyəti üçün gözəl platformadır.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli tədbirdə bildirib ki, dörd gün davam edəcək Forumda Avropanın müxtəlif ölkələrindən 50-yə yaxın gənc, ümumilikdə isə 100-ə yaxın hüquqşünas iştirak edir.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın hüquqşünas tələbələrini Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasına dəstək göstərməkdir.

ELSA prezidenti Niuşa Nadem tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyərək bildirib ki, bu cür tədbirlərin Azərbaycanda təşkil olunması bu sahədə Avropa təcrübəsinə yiyələnməyə yaxşı imkanlar yaradacaq. O qeyd edib ki, ELSA müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən ən böyük hüquq tələbələri təşkilatıdır. Nademin sözlərinə görə, ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30 mindən çox hüquq tələbələrini və gənc hüquqşünasları özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti