Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə naziri Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında Zaqatalaya mütəxəssislərlə yanaşı, içində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşınlar göndərilib.
Trend-in çərşənbə günü Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 7-də Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7 bal olmuş zəlzələ ilə əlaqədar əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranıb. Bu gərginliyin aradan qaldırılması, eləcə zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunublar. Təbii fəlakət baş verdiyi andan etibarən Səhiyyə Nazirliyinin Zaqatala rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri zərərçəkmişlərə vaxtında lazımi tibbi yardım göstərib, müxtəlif xəsarətlərlə müraciət etmiş 50-ə yaxın yerli sakinə ambulator tibbi yardım göstərilib, 1 nəfər isə üz-cənə sınığı diaqnozu ilə dərhal hospitalizə edib.
Zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Közbarax, Çobangöl və Qımır kəndlərində çadırlar qurulub və orada da müvəqqəti məskunlaşmış yerli əhaliyə tibbi yardım məqsədilə fasiləsiz təcili yardım maşınları fəaliyyət göstərir.
Zəlzələ zamanı binasına xüsusi zərər dəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yardım göstərmək təhlükəli olduğundan dərhal xəstəxananın həyətində 2 çadır qurulub və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilib. Zəlzələ nəticəsində yaralananların vəziyyəti qənaətbəxşdir, ölüm halları qeydə alınmayıb.